Bakı. 11 dekabr. REPORT.AZ/ Kino və videofilmlərin Filmlərin Dövlət Reyestrində qeydiyyata alınmadan Azərbaycan ərazisində yayımına və kütləvi nümayiş etdirilməsinə görə cərimə müəyyən edilib. “Report” xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə olunması təklif edilir.
Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan layihəyə əsasən, qanunu pozanların 2 000 manat miqdarında cərimə edilməsi nəzərdə tutulub.
İclasda çıxış edən komitə sədri Rafael Hüseynov xatırladıb ki, “Kinematoqrafiya haqqında” qanunun 7-ci maddəsinə əsasən, Azərbaycan ərazisində kütləvi nümayiş (kinozal, videozal, video yayımı məntəqələri, efir və kabel televiziyası) üçün nəzərdə tutulan bütün filmlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alınır və filmlər dövlət reyestrinə daxil edilməlidir: “Filmlərin yayımı və nümayişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilməlidir. Təklif olunan dəyişiklik həmin tələblərin təmin edilməsi məqsədi daşıyır”.
Müzakirələrdən sonra layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.