İrlandiyalı aktyor Killian Mörfi “Oppenheymer” (2023) filmindəki roluna görə “Ən yaxşı aktyor” nominasiyasında “Qızıl Qlobus”a layiq görülüb.
“Report”un məlumatına görə, film həmçinin “Ən Yaxşı Dram Filmi” nominasiyasında da namizəddir.
Amerikalı aktyor Robert Dauni isə “Oppenheymer” filmində ikinci planda ən yaxşı aktyor nominasiyasında “Qızıl Qlobus” mükafatına layiq görülüb.
Kristofer Nolanın “Oppenheymer” bioqrafik trilleri ilk dəfə ötən ilin iyulun 21-də yayımlanıb. Əsər atom bombasının yaradıcısı, ABŞ-dən olan fizik Robert Oppenheymerin həyatından bəhs edir. Rejissor Kristofer Nolan “Qara cəngavər”, “Başlanğıc”, “İnterstellar” kimi filmlərin müəllifidir.
Bundan başqa “Ən yaxşı rejissor” nominasiyası üzrə “Oppenheymer” bioqrafik dramının rejissoru Kristofer Nolan, “Ən yaxşı xarici film” nominasiyası üzrə “Düşmə anatomiyası” filmi, “Dram serialında ən yaxşı aktyor” nominasiyası üzrə Kiran Kalkin “Varislər” serialındakı roluna görə, “Miniserialda ən yaxşı ikinci plan aktyoru nominasiyası üzrə “Varislər” serialındakı roluna görə Metyu Makfadyen, “Televiziya filmi, serialı və ya miniserialında” ən yaxşı aktyor nominasiyası üzrə “Beef” (2023) mini serialındakı roluna görə Stiven Yeun, aktrisa Ali Vonq eyni layihədə iştirakına görə, “Komediya/Muziklda ən yaxşı aktrisa” nominasiyası üzrə Emma Stoun “The Down and Out” filmindəki roluna görə, Billi Ayliş “Barbie” filmindəki mahnısına görə, ən yaxşı cizgi filmi nominasiyası üzrə yapon rejissoru Hayao Miyazakinin “Oğlan və quş” filmi, “Kinematoqrafik və distribütor nailiyyətləri” nominasiyası üzrə “Barbie” filmi “Qızıl qlobus”a layiq görülüblər.
Xatırladaq ki, əhəmiyyətinə görə “Oskar”dan sonra ikinci sırada dayanan “Qızıl qlobus” 1942-ci ildən etibarən Hollivudda akkreditə olunmuş 50 ölkəni təmsil edən jurnalistlərin seçdiyi kino və televiziya filmlərinə verilir.
Mükafat 25 nominasiya üzrə (14-ü kino, 11-i televiziya sahəsində xidmətə görə) təqdim olunur. Hər bir kateqoriyaya adətən 5 namizəd irəli sürülür. Qaliblər namizədlər arasından səsvermə yolu ilə seçilir.