BAKI. 30 yanvar. REPORT.AZ/ Yanvarın 30-da Akademik Milli Dram Teatrında Ukrayna yazarı Anatoli Krımın eyniadlı əsəri əsasında hazırlanan "Keçmişdən zəng" tamaşasının premyerası keçirilib.
"Report" xəbər verir ki, tamaşaya gənc rejissor ƏR-Toğrul quruluş verib. Pyesi Azərbaycan dilinə Dilsuz tərcümə edib.
Janrı «birhissəli tragikomik virtual oyun» kimi müəyyənləşdirilmiş tamaşa üzərində çalışan yaradıcı heyətin çoxu gənclərdir.
Quruluşçu rəssam Samirə Həsənova, musiqi tərtibatçısı Kamil İsmayıov, işıq üzrə rəssam Rafael Həsənov, rejissor assistenti Xanım Həsənovadır.
Səhnə əsərində rolları Əməkdar artist Sevinc Əliyeva, aktyorlar Rəşad Bəxtiyarov və Elnar Qarayev ifa ediblər.
Gənc rejissor ƏR-Toğrul və tamaşanın yaradıcı heyəti bu günə qədər Azərbaycan teatrına tanış olmayan müəllifin pyesinə müraciət edərək, mövzu, problematika, eləcə də forma baxımından müasir tamaşa yaratmağa çalışıb.
Tamaşanın xronometrajı 75 dəqiqədir.