Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "İnanıram" tamaşasının premyerası olub.
Bu barədə "Report"a tetrdan məlumat verilib.
Bildirilib ki, yeni tamaşa müharibədə yeganə oğlunu itirmiş qadından bəhs edir.
Qadın bir dağ kəndində arxeoloji ekspedisiyada iştirak edərkən, yamacda tək başına boy atmaqda olan bir ağac görür. Gənc arxeoloq bu ağacın kölgəsində oturarkən ana olacağını öyrənir. Məhz bu məqamdan sonra qadınla ağac arasında mənəvi bağ yaranır. Qadın müharibə səbəbindən arxeoloji qazıntı ərazisindən uzaq düşür. O, həmişə arzulayır ki, işğal altında qalan dağ yamacındakı bu ağacı oğluna göstərə bilsin. İllər sonra qadının oğlu həmin ərazini işğaldan azad edərkən, anasının çox bəhs etdiyi ağacı tanımadan şəhid olur. Artıq qadının bu dünyada sadəcə bir sığınacağı var – yamacdakı tək ağac. Son dəfə ağacı görmək və məhz burada intihar etmək üçün qadın işğaldan azad olunmuş yamaca qayıdır.
Tamaşa vətən sevgisini bütün sevgilərdən daha üstün tutan şəhidlərimizə və şəhid analarına həsr edilib.
Yazıçı-dramaturq Ülviyyə Heydərovanın "İnanıram" monopyesi əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı Elşad Rəhimzadə, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assistenti Sona Mustafayevadır. Səhnə əsərində ana obrazını teatrın istedadlı aktrisası Zemfira Əbdülsəmədova canlandırır.
Xatırladaq ki, tamaşa 2022-ci ildə Mədəniyyət Nazirliyi və “teatro.az” sənət portalının “Şuşa ili” nə həsr olunan II "4.4 Qısa Tamaşalar Festivalı"nda (QTF) nümayiş etdirilərək ikinci yerə layiq görülüb.