Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə oktyabrın 15-dən 20-dək II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı keçiriləcək.
Layihənin ideya müəllifi və bədii rəhbəri, Əməkdar artist Ramil Qasımov "Report"a bildirib ki, festivalın keçirilməsinin əsas məqsədi Azərbaycan klassik vokal musiqisinin inkişafı və təbliği, gənc nəsildə yüksək musiqi zövqünün formalaşdırılmasıdır: “Birinci festivaldan fərqli olaraq, builki festival beynəlxalq status daşıyır və daha genişmiqyaslıdır. Çünki bu festivalda ən məşhur musiqiçilər və kollektivlər iştirak edəcəklər. İnanıram ki, festival maraqla qarşılanacaq, əsl musiqi bayramına çevriləcək və yaddaşlara həkk olunacaq”.
Festival çərçivəsində Azərbaycan və dünya klassik musiqi incilərinin nümunələri ölkəmizin öncül musiqi kollektivlərinin müşayiət ilə tanınmış Azərbaycan və xarici vokalçıların, eləcə də istedadlı gənclərin ifasında təqdim olunacaq. Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli Konservatoriyası, Bakı Musiqi Akademiyası və Gəncə Dövlət Filarmoniyasında bir-birindən maraqlı konsertlər, musiqili tamaşalar, romanslar, təqdimatlar, elmi-praktiki konfranslar, ustad dərsləri və s. təqdim olunacaq. Konsert proqramlarında dünya şöhrətli bəstəkarlar Ü.Hacıbəyli, F.Əmirov, Niyazi, M.Maqomayev, C.Verdi, Mozart, C.Puççini, A.Vivaldi, C.Bononçini, G.Hendel, K.Glük, A.Skarlatti, A.Monteverdi, C.Perqolezi və başqalarının əsərləri səsləndiriləcək.
Festivalın təntənəli açılışı oktyabrın 15-də Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqisi zalında baş tutacaq. Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə keçiriləcək tədbirin dirijoru, Əməkdar artist Əyyub Quliyevdir. Barokko musiqisi axşamında Xalq artistləri Samir Cəfərov, Gülnaz İsmayılova, Əməkdar artistlər Ramil Qasımov, Fəridə Məmmədova, İnarə Babayeva, Səbinə Əsədova və İlham Nəzərov çıxış edəcəklər.