I Şah İsmayılın dövlət quruculuğu və hərbi fəaliyyətinə həsr olunan sərgi keçiriləcək

I Şah İsmayılın dövlət quruculuğu və hərbi fəaliyyətinə həsr olunan sərgi keçiriləcək Sərginin konsepsiyası akademik Ramiz Mehdiyevin kitabı əsasında tərtib olunub
İncəsənət
1054
29 Fevral , 2016 19:45
I Şah İsmayılın dövlət quruculuğu və hərbi fəaliyyətinə həsr olunan sərgi keçiriləcək

Bakı. 29 fevral. REPORT.AZ/ AMEA Milli Azərbaycan Tarixi Muzeyində “I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisi hazırlanır. Muzeydən "Report"a verilən məlumata görə, Azərbaycan tarixinin görkəmli simalarından olan görkəmli sərkərdə və dahi hökmdar I Şah İsmayılın dövlət quruculuğu və hərbi fəaliyyətinə həsr olunmuş sərgi ilk dəfədir qurulur.

Sərginin konsepsiyası akademik Ramiz Mehdiyevin 2014-cü ildə işıq üzü görmüş “Şah İsmayıl Səfəvi: hökmdar və döyüşçünün portreti” kitabı əsasında tərtib olunub. Konsepsiya üzərində iş zamanı həmçinin Səfəvilər dövləti, eləcə də I Şah İsmayıla həsr olunmuş Azərbaycan, Türkiyə, İran, Rusiya, Avropa müəlliflərinin elmi əsərləri öyrənilib.

Bilavasitə Muzeyin direktoru, akademik Nailə Vəlixanlının rəhbərliyi ilə hazırlanan sərginin kuratoru Səbuhi Əhmədovdur.

Muzeyin apardığı elmi toplama işi sayəsində Səfəvilər dövlətinin birinci rübünə aid unikal eksponatlar toplanıb. Muzeyin bərpa laboratoriyasında aparılan uzunmüddətli iş sayəsində XVI-XVII əsrlərdən dövrümüzə qədər gəlib çatmış eksponatlar təmizlənib, konservasiya olunub, zədələnən eksponatlar bərpa edilib. Beləliklə, sərgidə 130-a yaxın eksponat tamaşaçıların diqqətinə təqdim olunacaq, onların əksəriyyəti ilk dəfədir ki nümayiş olunur.

Həmçinin, dünya muzeylərində qorunan və Şah İsmayıl dövrünə aid eksponatların 7 mulyajı, 100-ə yaxın foto şəkli də sərgilənməsi nəzərdə tutulur.

Qeyd edək ki, eksponatlar yalnız vitrinlərdə deyil, həmçinin “XVI əsr Azərbaycan cəngavəri” tamölçülü atlı manekeni, eləcə də “XVI əsr Azərbaycan döyüşçüsü” 4 tamölçülü piyada manekeni üzərində nümayiş olunacaq.

Son xəbərlər

Orphus sistemi