“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndə heyəti Londonda olub

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndə heyəti Londonda olub Londonda Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin Hesabat Sərgisi keçirilib
İncəsənət
7 İyul , 2017 20:33
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndə heyəti Londonda olub
Report.az

Bakı. 7 iyul. REPORT.AZ/ “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti London şəhərində Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin illik yekunlarına həsr olunmuş hesabat sərgisində iştirak edib.

 Qoruğun Hüquq və beynəlxalq əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, ənənəvi olaraq hər il Şəhzadə Çarlzın iştirakıyla keçirilən, məzunların fəaliyyətinin nəticələrini təbliğ və beynəlxlaq təcrübə mübadiləsi məqsədini ehtiva edən tədbir cari ilin 26 iyun tarixindən – 7 iyul tarixinədək davam edib. Hesabat sərgisində magistr və doktorantura proqramlarını bitirməkdə olan tələbələrin işləri, o cümlədən Şahzadə Məktəbinin Beynəlxalq Tanıtım Proqramları çərçivəsində hazırlanmış işlər nümayiş olunub.

“İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzinin rəssamları da sərgidə öz əl işləri ilə iştirak ediblər. Ölkəmizin zəngin milli-mədəni irsinə uyğun ənənəvi naxışlarla və müasir üsullarla işlənən məhsullar böyük marağa səbəb olub və yüksək qiymətləndirilib.

İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin rəssamları təcrübə proqramının tərkib hissəsi kimi, Trafalqar Meydanında London şəhərinin Meri tərəfindən keçirilən “Ramazan 2017” Festivalında da iştirak ediblər. Hər il ənənəvi olaraq keçirilən tədbirdə Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin nümayəndələri artıq üçüncü ildir ki, iştirak edirlər.

2004-cü ildə Uels Şəhzadəsi Çarlz tərəfindən təsis olunmuş Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şəhzadə Məktəbi (PSTA) rəssamlara Uels Universiteti tərəfindən təsdiq olunmuş diplomdan sonrakı təhsil çərçivəsində tədqiqatların aparılmasına imkan yaradır.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Şahzadə Məktəbinin birgə layihəsi olan “İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi” Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 2012-ci ilin oktyabr ayından etibarən tədris və sənətkarlıq mərkəzi kimi fəaliyyət göstərir. 2017-ci ilin 1 mart tarixində Mərkəz tərəfindən yaradılmış “Dastan” brendi geniş ictimaiyyətə təqdim olunub.

Azərbaycanın zəngin ənənəvi incəsənət irsinin öyrənilməsinə və canlandırılmasına xidmət edən bu Mərkəz “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətində rəhbər tutduğu “CANLI TARİX” konsepsiyası çərçivəsində yaradılıb. Layihənin əsas məqsədi həm də Azərbaycanın zəngin milli-mədəni irsinə uyğun ənənəvi naxışların müasir üsullarla işlənərək yeni dizaynlı məhsulların istehsalına və bu məhsulların beynəlxalq səviyyədə təbliğinə nail olmaqdan ibarətdir.

Son xəbərlər

Orphus sistemi