Bakı. 7 mart. REPORT.AZ/ İlqar Safatın “İçəri Şəhər” bədii filmi Hindistanın Kottayam və Nilambur Beynəlxalq Film Festivallarına dəvət alıb.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından “Report”a verilən məlumata görə, filmin nümayişləri martın 8-12-də Kerala ştatının Kottayam şəhərində, martın 17-21-də Nilambur şəhərində baş tutacaq. Nümayişlər Kerala Beynəlxalq Film Festivalının dəstəyi ilə keçirilir.
Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.
“İçəri Şəhər” bədii filmi həmçinin ABŞ-ın 50-ci “Worldfest Houston” Beynəlxalq Film Festivalının Remi mükafatına nominant elan olunub.
Qeyd edək ki, ekran əsəri Misirin 38-ci Qahirə, 47-ci Hindistan (Qoa), Estoniyanın 20-ci Tallin “Qaranlıq gecələr”, Hindistanın 21-ci Kerala, 15-ci Pune, 7-ci Yaşvant, 9-cu Benqaluru və 3-cü Kozhikode Beynəlxalq Film Festivallarında nümayiş olunub. Təhminə Rafaella filmdəki ifasına görə Türkiyənin 5-ci “Van gölü” Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.
Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırırlar.