“İblis”ə, “Topal Teymur”a, “20 Yanvar”a dözməyən ürək - "ÖMRÜN PƏRDƏARXASI"

“İblis”ə, “Topal Teymur”a, “20 Yanvar”a dözməyən ürək - "ÖMRÜN PƏRDƏARXASI" "Ömrün Pərdəarxası"nı bu dəfə Hamlet Xanızadənin qızı Aygün Xanızadə anladacaq...
İncəsənət
11 Dekabr , 2014 12:20
“İblis”ə, “Topal Teymur”a, “20 Yanvar”a dözməyən ürək - ÖMRÜN PƏRDƏARXASI
  • “İblis nədir? - Cümlə xəyanətlərə bais.

  • Ya hər kəsə xain olan insan nədir? – İblis” – Hüseyn Cavidin bu misrası dillər əzbəridir. Ancaq bu misranı yəqin ki, yüz illər sonra da onun kimi səsləndirən olmayacaq!
  • Adı çəkiləndə göz önünə İblis və Əmir Teymur gəlir. Qüdrətli sənətkar, Azərbaycan teatr və kinosunda biri-birindən gözəl mənfi və müsbət obrazları yaradan, unudulmaz Hamlet Xanızadə.

  • "Ömrün Pərdəarxası"nı bu dəfə Hamlet Xanızadənin qızı Aygün Xanızadə anladacaq...
  • - Aygün xanım, dəvətimizi qəbul edib gəldiyiniz üçün sizə minnətdarıq. İstəyirik söhbətə Hamlet Xanızadənin uşaqlıq, gənclik illərinə kiçik ekskurs etməklə başlayaq. Hamlet Xanızadə Şağan kəndində doğulub və bildiyim qədərilə atası onun aktyor olmasını istəməyib. Kənddə doğulan oğlan uşağında aktyorluğa bu maraq haradan yaranıb?

  • - Uşaqlıqdan aktyorluğa marağı olub. Bu həvəs hardan yaranıb, mən deyə bilmərəm. Babam onun aktyor olmasına qətiyyən razı deyildi. Onun həkim olmasını istəyirdi. Amma atamın həvəsi aktyorluğa olduğu üçün sənədlərini gizlin aparıb Teatr İnstitutuna verir. Beləliklə Hamlet Xanızadə adlı aktyorun sənətə ilk gəlişi başlayır. İndi bu sənəti davam etdirən qohumlarımız var. Bəxtiyar Xanızadənin adını çəkmək kifayətdir. Bəxtiyar Xanızadə əmisinin sənət yolunu davam etdirir. Gələcəkdə bəlkə də, bu sənətin yenə də, davamçıları oldu.
  • -Aygün xanım, Hamlet müəllim atasının qadağasına nə vaxtsa haqq qazandırdı? Yəni, bu sənəti seçdiyinə görə peşman deyildi?

  • -Yox, peşmançılıq yox idi. Amma bizim aktrisa olmağımızı heç vaxt istəməzdi. Yadımdadır, anama demişdi ki, "bu sənət çox çətindir. Övladlarımın bu işi seçmələrinə razı olmaram. Qızlar həkim olsalar yaxşıdır. Düzdür biz həkim olmadıq. Hər ikimiz İncəsənət Universitetinin məzunlarıyıq. Mən menecer oldum, bacım Xumar isə mədəni-maarif fakültəsini bitirdi.
  • - Aygün xanım atanızın adı da çox maraqlıdır. 1941-ci ildə, müharibə dövründə Bakının Şağan kəndində doğulan oğlana Hamlet adını veriblər. Çox maraqlıdır. Bu Şeksprin Hamletinə olan sevgidən yaranıb, yoxsa xüsusi bir səbəbi var?

  • -Dəqiq tarixçəsi nədir bilmirəm. Yəqin ki, buna bənzər bir şey olub. Çünki bibimin də adı Ofeliyadır.
  • -Maraqlıdır, yəqin babanız Şekspiri mütaliə edirmiş...
  • -Yəqin ki, bu adın qoyulmasının bir tarixçəsi olub, amma biz balaca olmuşuq deyə, bu söhbətləri çox bilmirik. Hər halda Hamlet adının verilməsi təsadüf deyildi. Həm də bu ad xasiyyətinə uyğun idi.

  • -Atanız dünyasını dəyişəndə 16 yaşınız olub. Hamlet Xanızadənin isti nəfəsini cəmi 16 il duyan Aygün xanımın xatirələrini bilmək çox maraqlı olardı...

  • -Atam çox ciddi adam idi. Bizim evdə ciddi rejim hökm sürürdü, amma buna baxmayaraq, atam bizə qarşı çox mülayim idi və uşaq arzularımızı yerinə yetirərdi. Axşam saat 9.00 olan kimi yatmağa gedirdik. Amma bizim evimiz atamın sənət dostları ilə dolu olardı. Səməndər Rzayev, Şahmar Ələkbərov, Yaşar Nuri, Mikayıl Mirzə, Bürcəli Əsgərov bizə tez-tez gələrdilər. Bürcəli Əsgərovla həm qonşu, həm də ailəvi dost idik. Elə olurdu ki, Bürcəli Əsgərovla hər axşam birlikdə süfrə arxasında otururduq. Yaşadığımız evi Teatrın 100 illik yubileyində Heydər Əliyev atama hədiyyə etmişdi. Onda qonşularımız Amaliya Pənahova, Ramiz Məlik, Bürcəli Əsgərov və bir neçə tanınmış rejissor idi. Sonradan hamı köçüb getdi. Təkcə o evdə biz qalmışıq.
  • - Atanızın övladlarına qarşı ciddi rejimi, ananıza da aid idi? Yoxsa həyat yoldaşına qarşı həlim xasiyyətli idi?

  • -Anama qarşı sərt deyildi, onu çox istəyirdi. Xoşlayırdı ki, hər yerə birlikdə getsinlər. Elə məclis, elə ziyafət olmazdı ki, onsuz getsin. Hətta qastrollara gedəndə bizi də aparardı. Bir dəfə teatr Zaqatalaya qastrola getmişdi. Hamı ailəsi ilə gəlmişdi. Yaşar Nuri, Rafiq Əzimov və Rafael Dadaşov övladları ilə. Maraqlı günlər idi. Amma bizə qarşı xüsusi qayda-qanunları vardı. Məsələn, dırnağımıza boya çəkməyimizi xoşlamırdı, bəzi filmlərə baxmağımıza razı olmazdı, qonşuya getməyə icazə vermirdi. Deyirdi, "onlar gəlsinlər, siz getməyin". Qalan məsələləri anaya həvalə etmişdi. Hər halda qız olduğumuza görə, bizi çox qoruyurdu. Qonşular onun xətrini çox istəyirdilər. Həyətdə hansısa qonşu əlində bazar zənbili ilə getsəydi, mütləq kömək edərdi. 1989-cu ildə Ermənistandan qovulan məcburi köçkünlər gələndə, bizim həyətdə bir neçə ailə məskunlaşmışdı. Ata həmişə onlara kömək edirdi. Evə iki çörək alardısa, birini onlara göndərərdi.
  • - Hamlet Xanızadəni özündən nə çıxara bilərdi?

  • - Haqsızlıq... Biz onun xasiyyətini bilirdik. Evə gələndə üzünün cizgilərindən anlaya bilirdik ki, nəsə olub
  • . Teatrda olanları heç vaxt evdə danışmazdı. Belə şeyi xoşlamırdı. Bəzən elə hadisələr olurdu ki, üstündən xeyli vaxt keçəndən sonra, hardansa eşidərdik. Həm də teatrdan incimişdi. Bilirsiniz də, o teatrdan tez ayrıldı.
  • - Hamlet müəllim sənətinin ən yaxşı vaxtında teatrdan getdi? Səbəbi nə idi?

  • -Səbəbi maaşın azlığı və teatrdan özünə qarşı tam diqqət görməməsi idi. Bəlkə də kimdənsə incimişdi. Amma evdə heç nə danışmırdı deyə, biz dəqiq səbəb bilmirik. Fəxri ad məsələsi də gecikirdi. Sizə maraqlı bir fakt deyim. Atam bəlkə də yeganə aktyordur ki, iki dəfə əməkdar artist adını alıb.
  • - Maraqlıdır...

  • - (Gülür) Hə, bu maraqlıdır. Ona ikinci dəfə xalq artisti adı verilməliydi. Amma nəsə ikiqat əməkdar artist oldu.
  • - Reaksiyası necə oldu?

  • -Gülüşlə qarşıladı. O, xalq artisti fəxri adını gözləyirdi... və yenə də haqsızlıqla üzləşdi. O illərdə, bir neçə möhtəşəm tamaşalarda baş rollarda çıxış edirdi. Ona görə də bu haqsızlıqlara o qədər əhəmiyyət vermirdi. Çalışırdı ki, halı pozulmasın.
  • Bu yerdə söhbətə ara verib Aygün xanımn gətirdiyi şəkillərə baxırıq. Sualı verməmiş özü söhbətə davam edir...

  • -Qadınlardan ən yaxın olduğu akrtisalar Zərnigar Ağakişiyeva və Əminə Yusifqızı idi. Əminə Yusifqızı ilə daha yaxın dostluq əlaqələri var idi. Həmişə deyirdi ki, Əminə kişi kimi qadındır, etibarlıdır. Son illər Fuad Poladovla çox yaxın olmuşdular. Fuad Poladov, Faiq Zöhrabov və Nəsir Sadıqzadə. Dördü yaman dostlaşmışdılar.
  • - Fuad Poladovun adını çəkdiz. Elə Hamlet Xanızadənin son filmi olan "Qətl günü"ndə onun obrazını Fuad Poladov səsləndirmişdi.

  • - "Qətl günü" filminin çəkilişləri bitdi. Filmin səsləndirilməsi olmalıydı, atam dünyasını dəyişdi. Ona görə də, filmdə onu yaxın dostu Fuad Poladov səsləndirdi.
  • - Aygün xanım, bildiyimizə görə, teatrda "İblis"in məşqlərinə gedəndə, paralel olaraq televiziyada "Topal Teymur"un çəkilişləri olurdu. Buna ürək dözər?

  • - Bu hələ sizin bildiklərinizdi. Bu tamaşalarla paralel həm radioya, həm kino çəkilişlərinə gedirdi. Ürəyi əvvəllər ağrımırdı. Hər halda bizə ürəyindən şikayət etmirdi. Sağlam idi. Hər səhər gimnastika ilə məşğul olurdu. Sağlam həyat tərzi sürürdü. 20 Yanvar hadisələrindən sonra isə ürək öz sözünü dedi. Hadisələr ona pis təsir etmişdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə aktyor dostu Bürcəli Əsgərovla şəhərə getdilər. Səhərə qədər evə gəlmədilər. Sən demə, gecə səhərəcən şəhərdə şəhidlərin cənazələrinin daşınmasında adamlara yardım edib, xəstəxanaya gedib. Əlindən nə gəlirsə, etməyə çalışıb. 20 Yanvarda günortadan sonra evə gəldilər. Elə vəziyyətdəydi ki, sözlə demək mümkün deyil. Özünə yer tapa bilmirdi. Bürcəli Əsgərov anamı kənara çəkib dedi ki, "Ay Nailə, bunu evdən bayıra çıxmağa qoyma. Yoxsa, ürəyi partlayacaq". Həqiqətən elə də, oldu. 1990-cı il fevralın 2-də Şəhidlər Xiyabanında beyninə qan sızdı. Fevralın 3-də vəfat etdi. Onu qəfil itirmək bizə çox ağır oldu. 24 ildir atam həyatda yoxdur.
  • - Hamlet Xanızadənin arzusunda olduğu, ancaq oynaya bilmədiyi rol var idi?

  • -Hə, yadımdadır ki, Şeksprin "Hamlet" əsərində Hamleti oynamaq istəyirdi. Hüseyn Cavidin vurğunu idi. Onun kitabları əlindən düşməzdi. Evdə də hər zaman H.Cavidi mütaliə edərdi. Hətta, Hüseyn Cavidin adı ilə bağlı teatr açmaq arzusu var idi. Həmişə anama deyərdi ki, "mən sevmədiyim rolu oynamaram”. Amma Hamleti oynamaq arzusu ürəyində qaldı.
  • - Hamlet Xanızadə kino həyatına da erkən başlayıb?

  • -Kino həyatı da tez başlayıb. Elə rollar var ki, tələbə vaxtı çəkilib. Bilirsiz, o sənətini çox sevirdi. Kino, teatr, müxtəlif səpkili rollar. Əsas o idi ki, rol ürəyinə yatsın.
  • - Bu qədər çoxşaxəli obrazlar qalereyası yaradan bir aktyor teatrdan maaşın azlığına görə gedə bilməzdi. Yəqin ki, belə fədakar sənətkarların teardan ayrılmasının başqa səbəbləri olub?

  • -Biz balaca olmuşuq deyə, xırda detalları xatırlamırıq. Anam bunları daha yaxşı bilir. Çöx güman ki, başqa səbəblər olub. Yadımdadır bizim evimizdə 1973-cü ildən 1990-cı ilədək telefon olmadı. Ata ilə əlaqə saxlamaq istəyənlər qonşuya zəng edirdilər. Bir kitabçası vardı, ora qeyd edirdi, kim zəng etdi, sabah hara getmək lazımdır. Vəziyyətin düzəlməsi üçün Rabitə nazirinin qəbuluna getmişdi. Nazir ona demişdi ki, "Hələ gözləyin. Mənim sizdən də, vacib işlərim var”. Bu cavab ona pis təsir etmişdi. Ölümündən sonra Fuad Poladov anamla nazirin yanına getdi və bizə telefon çəkdilər. Bu hadisəni yada salmaqda məqsədim odur ki, sənətkar hər xırda məsələnin dərdini çəkəndə, hər problem haqqında düşünəndə mənən əzilir.
  • - Aygün xanım, bir neçə il əvvəl Hamlet Xanızadənin 70 illik yubileyi doğma teatrında qeyd edildi. Sizi yubileydən əvvəl və sonra narahat edən bəzi məqamların

  • olduğunu eşitdik...
  • -Yubiley Milli Dram Teatrında keçirildi. Məndən şəkillər, disklər istədilər, biz də verdik. Bir çox qonaqları da biz özümüz dəvət etdik. Demək olar ki, təşkilatçılıq Hamlet Xanızadənin ailəsinin üzərinə düşdü. Yubiley tədbiri Hamlet Xanızadənin adına layiq təşkil edilmədi. Nəinki biz, çoxları o yubileydən narazı getdilər. Nə yaxşı ki, xalq artisti Flora Kərimova və Fuad Poladovu dəvət etmişdik. Onların yubileydə iştirakı tədbirin abu-havasını dəyişdi.
  • - Deyəsən, sizin Milli Dram Teatrının foyesində asılan şəkillərlə bağlı iradınız olmuşdu...

  • -Mən teatra tez-tez gedirəm. Bir neçə il əvvəl Akademik Milli Dram Teatrının foyesində bir zamanlar bu teatrda çalışmış və dünyasını dəyişmiş sənətkarların portretləri asılmışdı. Növbəti dəfə teatra gedəndə bu portretlərin divardan çıxarıldığını gördüm. Dedilər ki, təmirlə əlaqədar şəkillər götürülüb, yerinə qaytarılacaq. Amma təmir bitdi, teatr yenidən fəaliyyətə başladı. Şəkillər isə yerində yox idi. Mən yenidən teatr rəhbərliyinə müraciət etdim. Bu dəfə də vədlərinə əməl etmədilər. İşi belə görüb Prezidentə məktub yazdım. Bu məktubdan sonra Mədəniyyət və Turizm nazirliyinə göstəriş verildi. Nəhayət, haqq yerini tapdı.
  • - Hamlet Xanızadəni məzarı doğulduğu Şağan torpağındadır. Maraqlıdır, nədən belə bir sənətkar Fəxri Xiyabanda dəfn edilmədi...

  • -Yox, ailəsi olaraq, doğma kəndində dəfn edilməsini istədik. Fəxri Xiyabanda yer təklif etmişdilər. Özü həmişə deyərdi ki, onu valideynlərinin yanında dəfn edək.
  • - Dostları atanızın məzarını ziyarət edir...

  • - Dostları onu unutmurlar. Ad günündə, dünyadan köçdüyü gündə onu ziyarət edirlər. Yenə də Fuad Poladovun adını çəkəcəm, o atamı unutmur. Onun qəbrini ziyarət edir. Nə zaman qəbrini ziyarətə gedirdik, məzarının üzərində təzə güllərin olduğunu görürdük. Bir neçə dəfə bu hal təkrar olundu. Qəbiristanlığın gözətçisindən bu güllərin kimin gətirdiyini soruşduq. Məlum oldu ki, hər dəfə atamın məzarını bir xanım ziyarət edir, qəbri üstünə tər güllər qoyur. O xanım kimdir? Atamı hardan və necə tanıyır bilmirik. Hər halda ölümündən sonra sevilmək, unudulmamaq xoşdur.

Son xəbərlər

Orphus sistemi