Bakı. 13 noyabr. REPORT.AZ/ Səməd Vurğun adına Rus Dram Teatrında xalq artisti, "Şöhrət" ordenli Hacı Murad Yagizarovun 75 illiyi münasibətilə yaradıcılıq gecəsi keçirilib.
"Report" xəbər verir ki, ənənəvi yubiley və yaradıcılıq gecələrindən fərqli olaraq, Hacı Murad Yagizarov səhnədə yeni tamaşasını təqdim edib. V.Stupinskinin "Taraq" əsərinin motivləri əsasında hazırlanan "Artist və onun kölgəsi" tamaşasının premyerasında 75 yaşlı aktyor tamaşada rol ifa etməklə yanaşı, həm də gitaranın müşayiəti ilə şanson oxuyub.
Tamaşaçılar arasında Milli Məclisin vitse-spikeri Bahar Muradova ailə üzvləri ilə birlikdə, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemət, tanınmış sənət xadimləri, elm və mədəniyyət nümayəndələr, millət vəkilləri olub.
Tamaşanın nümayişindən yubilyarın yenicə çapdan çıxmış "Yaddaşımın dalğaları ilə" kitabının imza mərasimi olub.
Xalq artisti Hacı Murad Yagizarov "Report"a açıqlamasında təqdimatı keçirilən kitabın onun həyat hekayəsi olduğunu bildirib: " Düşüncələrimin, hisslərimin bir parçasıdır. Fikirləşdiyim, məni narahat edən duyğularımı kağıza köçürdüm. Bu kitab mənim oxucularıma və vəfalı tamaşaçılarıma hədiyyəmdir".



