Bakı. 23 iyul. REPORT.AZ/ Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Gəncə şəhərində yerləşən bir sıra tarixi abidələrə baş çəkib.
Nazirlikdən "Report"a verilən məlumata görə, Dövlət Xidmətinin məsul əməkdaşları ilə birgə ilk olaraq Gəncə Qala Qapıları Kompleksi ilə tanışlıq olub.
Burada məlumat verilib ki, Gəncə-Bakı magistral yolunun hər iki tərəfində inşa edilən, ümumi uzunluğu 50 metr, bürclərinin hündürlüyü 22 metr olan qalanın əsas hissəsi beşmərtəbəli, baş sütun hissəsi ilə birlikdə yeddimərtəbəlidir.
Burada Gəncə əhalisinin məişəti, mədəniyyəti haqqında məlumat verən etnoqrafik muzey yaradılıb. Həmçinin kompleks Gəncə Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binası kimi istifadə olunur.
Sonra Nizami Gəncəvi məqbərəsi kompleksi və Nizami Gəncəvi Muzeyi ilə tanışlıq olub. Bildirilib ki, Nizami Gəncəvinin türbə kompleksi 2012-ci ildə yenidən qurulub, burada əsaslı təmir-bərpa işləri aparılıb.
Daha sonra Şah Abbas karvansarasında aparılan təmir-bərpa işləri ilə tanışlıq olub.
Tarixi abidənin bərpası Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişi ilə “Azərbərpa” Elmi Tədqiqat Layihə İnstitutunun layihəsi əsasında aparılır.
Ötən müddətdə tarixi abidənin möhkəmləndirilməsi yekunlaşıb, qəzalı vəziyyətdə olan hissələri təmir olunub, kommunikasiya xətləri çəkilib. Karvansaranın dam örtüyü dəyişdirilib, fasadın uçmaq təhlükəsində olan sağ divarı bərpa edilib, həmçinin binanın bütün hücrə və otaqları əvvəlki görkəminə qaytarılıb.
Şah Abbas karvansarası istifadəyə verildikdən sonra turizm məqsədləri üçün istifadə olunacaq. Karvansarada aparılan bərpa işləri bu ilin sonuna qədər başa çatdırılacaq.
Z.Sultanov tarixi abidələrdə fəaliyyətin daha da gücləndirilməsi, həyata keçirilən təmir-bərpa işlərinin vaxtında və keyfiyyətli aparılması üçün müvafiq tədbirlərin görülməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.