Azərbaycan Xalq artisti Firəngiz Mütəllimovanın "Report" İnformasiya Agentliyinə müsahibəsi
- Firəngiz xanım, necəsiz? Özünüzü necə hiss edirsiz?
- Şükür, pis deyiləm. Hazırda özümü normal hiss edirəm. Fəsil dəyişən, qan qaynayan vaxtlar narahat olurdum. Küləklər məni narahat edir. O da yəqin əvvəllər keçirdiyim əməliyyatla bağlıdır. Ümumilikdə, hamı kimiyəm. Yaz gəlib, hər tərəf yaşıllıqdır. Təbiətə baxıram, şükür edirəm.
- Pandemiya dövrünü necə keçirdiniz?
- Çox insanlar kimi çətin keçirdim. Risk qrupuna aid olduğuma görə özümü qorumağa məcbur oldum. Heç bir qapalı məkana, çəkilişlərə, televiziyalara getmədim. Əslində, hələ də getmirəm. Çox yerdən özümü məhrum etdim. Çünki buna məcbur idim. Hətta elə oldu depressiyaya düşdüm. Pandemiya təzə başlayanda yayılan məlumatların bəzilərinə inanırdım, bəzilərinə yox. Sonradan gördük ki, vəziyyət ciddidir. İnanın ki, o vaxtdan hələ özümə gələ bilmirəm.
- Hazırda hansı tamaşa və ya film üzərində çalışırsınız?
- Hələ ki, heç bir tamaşa, film və yeni layihə üzərində işləmirəm. Çünki neçə müddət idi ki, teatrlar da bağlı qaldı. Biz iki ilə yaxın oynamadığımız tamaşaları məşq edirdik. Teatr bağlanıb açılandan sonra “Qarabağnamə” tamaşasında dəfələrlə iştirak etmişəm. Yəqin yeni tamaşalar sentyabrdan olacaq. Film, serial çəkilişlərinə mütəmadi təkliflər alsam da, hamısına yox demişəm. Bunun da səbəbi koronavirusdur.
- Əslən Şuşalısınız. Ötən il və bu il Xarıbülbül festivalında iştirak etdiniz...
- Özümü xoşbəxt sayıram ki, Qarabağ işğaldan azad olunandan sonra Şuşada keçirilən ilk dövlət tədbiri “Xarıbülbül” festivalında iştirak etmişəm. O, bir tarix idi. Çox sevinirəm ki, bu şanlı tarixi gündə mən də orada oldum. Şuşaya getməklə bağlı dəfələrlə televiziya kanallarından dəvət alsam da, getməmişəm. Müqəddəs Şuşada olanda yaşadıqlarımın ekrandan görünməyini istəməmişəm. Ən böyük arzularımdan biridir ki, Şuşaya ailə üzvlərimlə, qardaşımla, bacılarımla gedək. Sakit gəzək, görək. Bu da çəkilişsiz olsun. Yəni ürəyimizdə, qəlbimizdə olan hissləri ailəlikcə özümüz yaşayaq.
- Azad Şuşanın bundan sonrakı vəziyyətini necə təsəvvür edirsiniz?
- Çox gözəl təsəvvür edirəm. Elə indidən də görürsünüz ki, beynəlxalq səviyyəli festivallar, qurultaylar orada keçirilir. Mən orada oldum-olmadım, bütün tədbirlərlə bağlı qürur hissi keçirirəm. Mənə əsas o lazımdır ki, bütün dünya Şuşanın azad olmasını görsün. Bilsinlər ki, Şuşa azaddır, Şuşa bizdədir, xoşbəxtdir. Şuşa yaşıllığı ilə, təbiəti və tarixi ilə fəxr edir. Prezidentimiz çox sağ olsun ki, qısa müddətdə böyük dəyişikliklər və quruculuq işləri aparılır. Hər şeyə böyük ümidlə baxıram. İnanıram ki, Şuşa əvvəlkilərdən də gözəl, fərqli olacaq. Mənə elə gəlir ki, dünyanın hər yerindən Şuşaya axın olacaq. Hamı bu gözəl şəhəri görəcək. Şuşanı azad görmək mənim ən böyük arzum idi. İndi də hər gün Allaha şükür edirəm. Hər şey bundan sonra daha da gözəl olacaq.
- Firəngiz xanım, Sovetlər dönəmində yəqin ki, tamaşaçılardan məktublar almısınız, zənglər gəlib sizə… Ən çox hansı tamaşaya görə məktublar almısız, zənglər gəlib?
- Bəli, o vaxtlar mobil telefonlar olmadığına görə, məktublar alırdıq. Dəqiq deyə bilərəm ki, həmin dövrlərdə teatrda ən çox məktub alan aktrisa mən idim. Hər gün mənə ən az onlarla məktub gəlirdi. Tamaşaçılardan, pərəstişkarlarımdan cürbəcür məktublar gəlirdi. Sevgi məktubları da alırdım. Onların hamısı mənim üçün çox maraqlı idi. Onları yığıb-toplamışdım. Hətta yaxın müddətə qədər saxlayırdım. Sonra evdən-evə köçəndə bəzi kitablarımla birgə o məktublar da yoxa çıxdı. Amma hələ də məktubların hər bir sətri yadımda, gözümün qarşısındadır. Hətta tamaşaçılar gəlib arxa qapıda gözləyib, gül-çiçək gətirirdilər. Mənim oynadığım ilk tamaşadan sonra elə bil özüməməxsus sənət aləmimdə bomba partlamışdı. Həmişə deyirdim ki, axşam yatanda Firəngiz idim, səhər duranda artıq Gülnar olmuşdum.
- “Səni axtarıram”, “Bağışla” tamaşalarındakı geyimləriniz o dövr üçün fərqli, zövqlü olub. Geyimləriniz haradan idi?
- Geyimlərimlə bağlı hamı elə deyirdi. O dövr üçün həmin paltarla çox maraqlı idi. Orada elə paltarlar var ki, özümündür. Elələri də var ki, rəfiqələrim, qohumlarımdan götürmüşdüm. Çəkilişlərə çox paltar aparırdım, amma rəhmətlik Tariyel müəllim ("Report" - Tariyel Vəliyev) hansını məsləhət bilirdisə, onu geyinirdim. Onlar mənə kömək edirdilər, çünki o rol mənim üçün tam fərqli idi. Həyatda o cür ərköyün, milyoner ailənin övladı olmamışam. Ona görə də mən aparırdım. Seçimi onlar edirdi.
- Firəngiz xanım, heç “manyak” fanatınız olub?
- Yox, Allah eləməsin. Mənim manyak pərəstişkarım olmayıb, amma bir dəfə məni şantaj etmək istəyirdilər. Rayon adı çəkməyəcəyəm, amma tam fərqli bir rayondan idi. Həmin vaxtlarda direktorumuz Həsənağa Turabova müraciət etdim ki, belə bir iş var. Bir nəfər məni şantaj edir, hədə-qorxu zəngləri gəlir. O da heç narahat olmamağımı tapşırdı. Hardasa üç-dörd günə həll olundu, qurtardı. Ondan sonra yox, narahat edən olmayıb.
- Pandemiyadan əvvəl seriallarda görürdük sizi. Bəs yenə seriallarda rol almağı fikirləşirsiniz?
- Bəli, çəkilirdim. Sonra müharibə başladı və komediya çəkmək fikrində deyildik. Ona görə çəkilişlər avtomatik saxlanıldı. Sonra da pandemiya alovlandı. Ondan sonra dəvət olunsam da, qəbul etməyəcəkdim. Heç çəkilişlər də olmadı. Pandemiya tam bitərsə, ondan sonra mən də işimə qaldığım yerdən davam edərəm. Təklif gələrsə, ürəyimcə olan serialda çəkilə bilərəm. Bunu gələcək göstərəcək. Təki salamatlıq olsun.
– Ümumiyyətlə, son illər gənc aktyor və aktrisalar rollardan çox sosial şəbəkələrdə məşhurluq qazanırlar. Buna münasibətiniz necədir?
- Mən buna yaxşı baxıram. Bu, zamanın tələbi və hökmüdür. Artıq bu belədir. Heç nə ilə qarşısını ala bilmərik. Bir sözlə bacarana can qurban.
- Firəngiz xanım, yaz fəslini yaşayırıq, deyirlər insanların bu fəsildə arzuları ağaclar, güllər kimi çiçəkləyir. Hansı arzularınız var?
- Bəli, yaz gələndə elə bil insanın ruhu təzələnir, sanki dünyaya baxış tərzi təzələnir. İnsan da ümidlə qol-qanad açır. Təbiət canlandıqca, insan da canların, yeni nələrsə etmək istəyir. Mənim ən böyük aruzlarımdan biri də bacımın balaları,qardaşımın uşaqları və nəvələri ilə bağlıdır. Onlar mənim övladım kimidilər. İstəyirəm onlar sağlam, xoşbəxt olsunlar. Onların atdığı hər addım xeyirli-uğurlu olsun. Onda mənim arzularımın 50 faizi yerinə yetmiş olur. Həmçinin arzularımdan biri də odur ki, dünyada sülh olsun. Müharibələrə son qoyulsun. Mavi səma olsun, heç bir ana övladını gözüyaşlı gözləməsin. Azad olunan torpaqlarımız daha da canlansın. Hər kəs öz yurd-yuvasına qayıtsın. Yenə o yerlərdən uşaq səsləri gəlsin. Kimin ürəyində hansı arzuları varsa, onlar yerinə yetsin. Bir gün mən də ailə üzvlərimlə birgə Şuşaya, ocağımıza yığışıb gedək.