Bakı. 18 may. REPORT.AZ/ Azərbaycan Finlandiyanın Təhsil Nazirliyi tərəfindən keçirilən beynəlxalq tədbirdə təmsil olunub.
"Report"un məlumatına görə, Espoo şəhərində baş tutan mərasimdə Azərbaycan, Finlandiya, Rusiya, Estoniya, Kosova, İsveç, Ermənistan və digər ölkələrin nümayəndələri mədəniyyət nümunələrini nümayiş etdiriblər.
Tədbirdə Azərbaycanı Bakı Musiqi Akademiyasının məzunu, Finlandiya Azərbaycan-Türk Gənclər Təşkilatının sədri, Avropa Azərbaycanlıları Konqresinin üzvü Ülviyyə Cabbarova təmsil edib.
O, əvvəlcə iştirakçılara Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi barədə məlumat verib, Azərbaycanın Şərqdə ilk demokratik respublika qurduğunu, qadınlara seçki hüququnu verdiyini diqqətə çatdırıb.
Ü.Cabbarova daha sonra Azərbaycan musiqilərini, xüsusilə xalq mahnısı “Sarı gəlin”i ifa edib. Espoo şəhəri Təhsil Departamentinin müdiri Virpi Mattila və digər rəsmilərin qatıldığı tədbirdə Azərbaycanla bağlı təqdimat maraqla qarşılanıb.