Opera və Balet Teatrının baş rejissoru: “Hazırda teatra böyük axın var”

Opera və Balet Teatrının baş rejissoru: “Hazırda teatra böyük axın var” "İnsanlar teatrı biz düşündüyümüzdən də çox sevirmiş, bunu bilməmişik. Tamaşaçılar teatra su, hava kimi həsrət qalıblar".
İncəsənət
31 Oktyabr , 2021 23:24
Opera və Balet Teatrının baş rejissoru: “Hazırda teatra böyük axın var”

"İnsanlar teatrı biz düşündüyümüzdən də çox sevirmiş, bunu bilməmişik. Tamaşaçılar teatra su, hava kimi həsrət qalıblar".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan Dövlət Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev deyib.

O bildirib ki, uzun müddət teatrlar bağlandığından həm sənətkarlar, həm də tamaşaçılar teatr üçün darıxmışdı: "Xüsusən "Leyli və Məcnun" tamaşasının biletleri çox satılır, hətta elə vaxtlar olur ki, bilet tapılmır. Hazırda teatra böyük axın var. Biz də çalışırıq ki, insanlara yeni tamaşalar təqdim edək. Növbəti tamaşada Məcnun rolunda yeni bir ifaçı obrazı görəcəksiniz".

Baş rejissor "Leyli və Məcnun" operasının teatr səhnəsindəki önəmindən də söz açıb: "100 ildən artıqdır ki, bu tamaşa teatrın səhnəsindən düşmür. Bu vacib şərtdir. Bəzən elə tamaşalar olur ki, gəlir və gedir. Ancaq bu tamaşa elə deyil. Onlarla ifaçılar "Leyli və Məcnun" operasında öz sənətini nümayiş etdirir. Ən məşhur sənətkarlar çalışırlar ki, "Leyli və Məcnun"da bir rol ifa etsinlər. Son illərdə tamaşaya gəncləri dəvət edirik. Muğam müsabiqəsinin qalibləri burada baş rolları ifa edirlər. Bu opera həqiqətən sənət meyarıdır".

Məcnun rolunun ifaçısı əməkdar artist Səbuhi İbayev və Leyli rolunun İfaçısı Rəvanə Əmiraslanlı da tamaşa ilə bağlı öz təəssüratlarını bölüşüblər. Uzun müddət sonra real tamaşaçı qarşısına çıxan ifaçılar səhnə üçün darıxdıqlarını dilə gətiriblər. Onlar tamaşanın diqqətlə izlənməsini və anşlaqla qarşılanmasından xoşbəxtlik duyduqlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycan Dövlət Opera və Balet teatrında səhnələşdirilən "Leyli və Məcnun" operası pandemiyadan sonra ilk dəfə bilet satışı ilə real tamaşaçı qarşısına çıxıb.

Son xəbərlər

Orphus sistemi