“Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında “Forsaj” franşizasının onuncu və final hissəsinin misilsiz küçə yarışçısı Dominik Toretto və komandası haqqında bəhs edən filminin premyeradan öncə nümayişi baş tutub.
Bu barədə "Report"a kinoteatrdan məlumat verilib.
Bildirilib ki, nümayişə şou-biznes ulduzları, tanınmış jurnalistlər, blogerlər, iri sahibkarlar dəvət olunub: "Həmişə olduğu kimi, bizi dəbdəbəli avtomobillər, yüksək sürət və inanılmaz dərəcədə təhlükəli sərgüzəştlər gözləyir. Qonaqlar üçün maraqlı sürpriz hazırlanıb. Onlar özlərini filmin qəhrəmanları obrazında sınayıb, oyun simulyatorlarına minib avtomobilin sürətini hiss ediblər. DJ-in lazer işıqlarının parlaq işıq effektləri və kinoteatrın dekorasiyası gecə yarışı atmosferi yaradıb. Filmdən sonra qonaqlar müzakirələr aparıblar. Heyrətamiz çəkiliş və inanılmaz dərəcədə realist xüsusi effektlər, gözlənilməz süjet dönmələri və həmişə olduğu kimi əla aktyor heyəti - Vin Dizel, Ceyson Momoa, Mişel Rodriqes, Şarliz Teron və s. hamını heyran edib".
Filmin rejissoru Lui Leteryedir.
Filmin baş sponsoru “Mazda” avtomobil şirkətidir. Tədbirin təşkilinə "Brand Media Groups", “Bolşoy Prazdnik” event şirkəti, "RG Simulation VR Zone", “MADO” restoranı, foto və video üzrə “Light in Black” kreativ şirkəti, super-premium pivə “Kronenbourg 1664 Blanc” və "Red Bull" dəstək göstəriblər.
Mayın 18-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində ən çox gözlənilən blokbasterlərdən biri 3 dildə - rus, ingilis və türk dillərində nümayiş etdirilir. Həmçinin, “Forsaj 10” filminə Azərbaycanda ən son 4DX texnologiyası ilə "Dəniz Mall"da yerləşən "CinemaPlus"da baxmaq olar.