Bakı. 19 yanvar. REPORT.AZ/ “CinemaPlus” kinoteatrlar şəbəkəsində yanvarın 20-də “Qanlı Yanvar” filmi pulsuz nümayiş etdiriləcək.
"Report" xəbər verir ki, ekran əsərinin rejissoru Vahid Mustafayevdir.
Baş rollarda isə Nəbahət Çehrə, Faiq Mirzəyev və Azər Aydəmir oynayırlar.
Film 1990-cı ilin 20 yanvar faciəvindən bəhs edir. Ekran əsərinin süjet xəttinə əsasən, iki qardaş-kommunist Nəcəf və inqilabçı Mehdi öz mübarizələrini davam etdirirlər və hər birinin öz həqiqəti var. Dramın mərkəzində isə onların anası Xədicə xanım dayanır.
Bundan əlavə, həmin gün Qarabağ müharibəsi qəhrəmanı İbad Hüseynov haqqında çəkilən “Xüsusi təyinatlı İbad” adlı filmin nümayişi olacaq.
Filmin qurluşçu rejissoru Natiq Novruzovdu. Baş rollarda Elçin Məmmədli və Manaf Dadaşov çəkiliblər.
Ekran əsərinin süjet xəttinə əsasən, Dağlıq Qarabağda ilk hərbi toqquşmaların başlandığı zaman, İbad Amurda yerləşən hərbi hissədə Sovet ordusunda qulluq edir. Burada o, sovet ordusunun Bakıya qoşun yeritdiyini və çoxlu sayda həmyerlisinin öldürüldüyünü öyrənir. İ.Hüseynov Azərbaycandan olan digər hərbçilər ilə birlikdə, onların vətənə buraxılması məqsədilə müddətsiz aclıq aksiyasına başlayır. Komandanlığın ağır təzyiqinə baxmayaraq onlar aclıq aksiyasını dayandırmırlar. Nəticədə rəhbərlik geri çəkilir və indiyə qədər heç yerdə görünməmiş addım atır - hərbçiləri xidmət müddətinin bitməsinə qədər ehtiyata buraxırlar. Bununla da İbad Azərbaycana qayıtmağı bacarır.
Biletin qiyməti 4 manatdır.
Qeyd edək ki, 20 Yanvarla əlaqədar “CinemaPlus” kinoteatrlar şəbəkəsi komediya janrlı filmləri repertuardan çıxardıb.