Bakı. 2 noyabr. REPORT.AZ/ Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyası yeni tamaşa hazırlayıb.
Teatrın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, noyabrın 8-də studiyanın balaca istedadlarının təqdimatında “Cadugər və gözəl” adlı səhnə əsərinin premyerası keçiriləcək.
Məlumata görə, tamaşa 9 Noyabr- Dövlət Bayrağı Günü münasibətilə nümayiş olunacaq.
Balacalara dürüstlük, sədaqət, şücaət və sevgi aşılayan tamaşanın əsas qayəsi xeyirin şər üzərində qələbəsinə inamdır.
Məşhur nağıl qəhrəmanlarının, balacaların sevimli cizgi filmi personajlarının toplandığı tamaşa-buketin ardınca studiyanın istedadlarının təqdimatında rəngarəng konsert proqramı da təqdim olunacaq.
Səhnə əsərinin ssenari müəllifi Səidə Haqverdiyeva, quruluşçu rejissoru Cəmilə Allahverdiyeva, quruluşçu rəssamı İqbal Əliyevdir. Tamaşada əsas rolları studiyanın həvəskarları Vüsalə Bəkirzadə, Mətin Vəzirov, Aysun Əlimirzəyeva, Arif Əliyev, Məryəm Əsədova, Ağa Seyidov, Ayşə Cəfərli, İsmayıl Əliyev, Selcan Xatun, Aylin Nəcəfli ifa edirlər.
Tamaşada əsas obrazları studiyaya yeni istedadların cəlbi məqsədi ilə elan olunan müsabiqədə seçilən uşaqlar canlandırırlar.
Xatırladaq ki, 5-15 yaş uşaqlar arasında baş tutan müsabiqədə 160-dan çox uşaq iştirak edib və onların arasından 20 həvəskar studiyanın sıralarına cəlb olunub.