Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycanın Bolqarıstandakı Səfirliyinin birgə əməkdaşlığı çərçivəsində Bolqarıstanın qədim tarixə və zəngin mədəniyyətə sahib olan Kırcali şəhərində “Arşın mal alan” musiqili komediyasının premyerası keçirilib.
Fonddan "Report"a verilən məlumata görə, Azərbaycanın və bütövlükdə Türk Dünyasının dahi bəstəkarı Üzeyir Hacıbəylinin müəllifi olduğu 4 pərdəli “Arşın mal alan” tamaşası bəstəkarın 135 illik yubileyi münasibətilə Kırcalinın məşhur “Kadriye Latifova” Musiqili Teatrında səhnəyə qoyulub. Əsərin səhnələşdirilməsi həmçinin Kırcali teatrının yaradılmasının 60-cı ilinə təsadüf edir.
Tamaşanın rejissoru Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru - Hafiz Quliyev, rəssamı - Tomiana Tomova Naçeva, xoreoqrafı - Ginka Kirçevadır. Rolları İzmir Dövlət Teatrının aktrisası Məsurə Tahir (Gülçöhrə), eyni zamanda bolqar və türk artistləri: Yaqub Yaqub (Əskər), Dinko Kovaçev (Sultan bəy), Nursən Əbdürrəhman (Cahan xala), Orxan Tahir (Süleyman), Kərimə İsmayıl (Asya), Mustafa İsmayıl (Vəli), Aysun Əhməd (Telli) ifa ediblər. Tamaşa izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Qeyd edilməlidir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Türk Dünyasının tarixinin, mədəniyyətinin qorunması, araşdırılması və təbliğ edilməsi, həmçinin türkdilli xalqların görkəmli şəxsiyyətlərinin, bəstəkarlarının, şair və yazıçılarının yubileylərinin qeyd olunması, onların əsərlərinin beynəlxalq aləmdə nümayiş etdirilməsi istiqamətində fəaliyyət göstərir. Bolqarıstanla Fond arasında ötən illər ərzində bir sıra layihələr, o cümlədən 2019-cu ilin mart ayında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycanın Bolqarıstandakı Səfirliyinin birgə təşkilatçılığı ilə Sofiya və Kırcali şəhərlərində Novruz bayramına həsr olunmuş şənliklər keçirilib.