Biləsuvar rayonundakı Mərkəzi Parkda Rayon İcra Hakimiyyətinin, "Azər Home Chef" şirkətinin və "Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə ikinci “Hindquşu festivalı” keçirilib.
"Report"un Muğan bürosunun məlumatına görə, festivalda rəsmi şəxslərlə yanaşı yerli və xarici qonaqlar, respublikanın ən məşhur aşpaz və dequstatorları iştirak edib.
Festival zamanı hind quşundan hazırlanmış onlarla müxtəlif çeşidli təam rayon sakinlərinə və qonaqlara təqdim olunub.
Həmçinin Azərbaycanın qədim adət-ənənələrini əks etdirən simvolik toy mərasimi təşkil olunub.
Tədbirin rəngarəng olması məqsədilə festivalda həmçinin müxtəlif səpgili tədbirlər, idman oyunları keçirilib, yerli kənd məhsullarından ibarət satış yarmarkası təşkil olunub, əl işlərindən ibarət sərgilər və rəsm əsərləri nümayiş edilib.
Ən dadlı təamlar hazırlayan aşpazlar tədbirdə qiymətli hədiyyələrlə mükafatlandırıllb.
Festival boyu musiqiçilər tərəfindən hazırlanmış geniş konsert proqramı təqdim olunub, sonda möhtəşəm atəşfəşanlıq keçirilib.
Qeyd edək ki, ilk festival ötən il baş tutub.