Akademik Milli Dram Teatrında Xalq artisti Bəsti Cəfərovanın 60 illik yubileyi qeyd olunub.
Teatrın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yubiley tədbirində çıxış edən Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov Bəsti Cəfərovanın sənətkar yolundan danışıb, onu əlamətdar yubileyi münasibəti ilə təbrik edib, daha böyük yaradıcılıq uğurları arzulayıb.
Azər Paşa Nemətov Mədəniyyət naziri
Azərbaycan Teatr Xadimləri İttifaqı adından Xalq artisti Hacı İsmayılov, Akademik Milli Dram Teatrının kollektivi adından Xalq artisti Ramiz Novruz Bəsti Cəfərovanı təbrik edib.
Xalq artisti Bəsti Cəfərova ona olan diqqətə görə Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrına təşəkkürünü bildirib. Keçdiyi sənət yoluna nəzər salan yubilyar tamaşaçıların sevgisini qazandığına görə özünü xoşbəxt hiss etdiyini deyib:
“Bu günlərdə mənə olan zənglərin ardı-arası kəsilmir. Dostlarım, kolleqalarım, tamaşaçılar zəng edib təbrik edirlər. Yubiley münasibəti ilə teatrda hamı mənim üçün nə isə eləməyə çalışır. Bu, məni çox sevindirir. Hərdən deyirlər ki, aktyorlar bir-biri ilə yola getmirlər. Amma belə deyil. Teatr kollektiv işidir. Mən bu teatra, bu kollektivə xidmət edirəm və bununla qürur hissi keçirirəm. Teatrımızın rəhbəri Azər Paşa Nemətova təşəkkür edirəm ki, bu təntənəni mənim üçün təşkil edib”.
Yubiley gecəsində Xalq artisti Bəsti Cəfərovanın iştirakı ilə uğurla nümayiş olunan “Qətibə İnanc” tamaşası oynanılıb.
İki hissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.
Tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Vüqar Məmmədovdur.
Səhnə əsərində Xalq artisti Bəsti Cəfərova (Qətibə İnanc) və Sabir Məmmədov (Nizami), aktyorlar - Rüstəm Rüstəmov (Qızıl Arslan), İlyas Əhmədov (Fəxrəddin), Əməkdar artist Kazım Abdullayev (Toğrul), aktrisalar - Şəhla İsmayılova (Səba), Fidan Cəfərova (Gənc Qətibə), aktyor Elnur Qədirov (Qutluğ), əməkdar artistlər - Mirzə Ağabəyli və Elxan Quliyev (Vəzir), aktyor Cümşüd Zeynalov (Zindan keşikçisi), əməkdar artistlər - Məzahir Cəlilov (Qazı), Rövşən Kərimduxt (Hüsaməddin) və Əlvida Cəfərov (Saray əyanı) iştirak edirlər.
Tamaşa Gəncə hakimi Əmir İnancın qızı Qətibə İnancın Şeyx Nizamiyə olan cavabsız məhəbbətinə həsr olunub. Şeyx tərəfindən məhəbbəti rədd ediləndən sonra Qətibə İnancda hamıya qarşı nifrət yaranır. Bu nifrətinə görə Qətibə sevmədən Məhəmməd Cahan Pəhləvana ərə gedir, ondan Qutluğ adlı oğlu olur.
Qeyd edək ki, ilk dəfə 1977-ci ildə görkəmli rejissor Tofiq Kazımov “Qılınc və qələm” əsərini tamaşaya qoyulub.