Bakı. 14 dekabr. REPORT.AZ/ Yeni il bayramı yaxınlaşdıqca müxtəlif bəzək əşyaları, xüsusilə də şam ağaclarına tələbat artır. İndi Bakının bir çox yerlərində bayram hazırlığı üçün xüsusi yarmarkalar təşkil olunub.
"Report"un əməkdaşları bayram yarmarkalarından bəzilərinə baş çəkərək vəziyyətlə tanış olublar.
Həm ziyarət, həm ticarət
İlk olaraq üz tutduq "28 may" metrosunun çıxışındakı yarmarkaya. Buradakı çadırlar dekabrın 4-dən qurulub və ayın son gününə kimi fəaliyyət göstərəcək. Yarmarka səhər saat 08:00-da açılır, axşam saat 00:00-a kimi satış davam edir. Çadırlarda satılan suvenirlər və bəzəklər bir-birindən fərqlidir. Satıcı Qədim Məhərrəmlinin sözlərinə görə, satılanların nisbətən fərqli olması onların arasında rəqabət yaratmır və bu da onlar üçün müsbət haldır: "Hədiyyələrimiz 80 qəpikdən başlayır və ən bahalı hədiyyə 37 manatdır. Daha çox kiçik suvenirlər alınır. Heç alınmayan əşya yoxdur".
Müsahibimiz qeyd etdi ki, yarmarkaya ən çox gələnlər tələbələrdir: "Daha çox almağa yox, baxmağa gəlirlər. Bəzən bizim satmadığımız əşyalardan suallar verirlər, bu isə bizi çox yorur. Demək olar ki, gündə 5-10 dəfə azyaşlılar suvenirləri sındırırlar. Bu zaman biz onlardan malın yarı qiymətini alırıq".
Yarmarkada gəzərkən qarşımıza gülsatan 82 yaşlı Məmməd Baxşeliyev çıxdı. O, gül sataraq gündəlik xərclərini çıxarmağa çalışdığını dedi: "Gülləri 5 manata alıram, əvvəlcə qiyməti 12 manat deyirəm, sonra alıcı özü aşağı salır. Bəzən olur ki, mənə 1 manat qalır, bəzən də dediyim qiymətə alırlar. Gün ərzində 3-5 dəstə sata bilirəm".
Ən çox alınanlar
Burada yeni il bəzəklərindən zərlərin qiyməti 70 qəpikdən 3 manata kimidir. Rəngli işiqların qiyməti isə 3-8 manat arası dəyişir. Yumşaq oyuncaqların ən ucuzu 1 manat 50 qəpik, ən bahalısı isə 20 manatdır. Satıcı Quliyev Ələddin dedi ki, bütün əşyalar il ərzində satılır: "Əşyalar hamısı yenidir. Ən çox yumşaq oyuncaqlar və maskalar xanımlar tərəfindən alınır".
Digər satıcı Fəxrəddin Əliyevin sözlərinə görə, yarmarkanın ən bahalı şam ağacının qiyməti 260 manatdır: "Şam ağaclarının qiymətləri 6 manatdan başlayır. Üstü qarlı şam ağaclarına tələbat azdır. Qiymətlər materiallarına görə dəyişir. Bizim çadırdan valideynlər daha çox uşaqlarına Şaxta Baba və Qar qız geyimləri alırlar. Geyimlərin qiyməti 5-15 manat arasındadır".
Yeri gəlmişkən, yarmarkalarda pirotexniki vasitələrin satışı qadağandır.
Buradan çıxıb yollanırıq hazırda şəhərin ən çox ziyarət edilən məkanlarından olan "Soyuq əllər, isti ürəklərə". Fəvvarələr meydanında yerləşən bu yarmarkada qurulan köşklərdə, bayram hədiyyələri ilə yanaşı, müxtəlif cür "fast food", kitab və digər əşyaların satıldığı köşklər var. Yarmarkada gəzərkən paytaxt sakinləri ilə yanaşı, turistləri də görmək mümkündür. Yanvarın 15-nə kimi davam edəcək "Soyuq əllər, isti ürəklər" yarmarkası səhər saat 10:00-dan axşam saat 22:00-a kimi açıq olur.
Yarmarkada ən çox satılan "fast food"
Burada müxtəlif içkilər, kabablar, ciyər, balıq kimi "fast food"lar satılır. İçərisində ən çox müştərisi olan balıq təqdim edən köşk idi. Bir müddət müşahidə etdikdə görmək olur ki, burada müştərilər hər zaman növbə gözləyir. Burada işləyən Elnur Rəcəbovun dediyinə görə balıqlar sümüksüzdür: "Qiymət 3 manat 50 qəpikdir. Dadlı olduğuna görə, müştərimiz çox olur. Gün ərzində, təqribən, 100-200 arası balıq satırıq".
Şaxta Baba ilə şəkil çəkdirmək pulsuzdur
Burada kitab satılan köşk də var. Bir qədər irəlilədikdə isə qarşımıza xüsusi bəzədilmiş fonda əyləşən Şaxta Baba çıxdı. Onunla şəkil çəkdirmək pulsuzdur. Ancaq Şaxta Babanın şəkil çəkdirməyə insanları özü dəvət etsə də, söhbət etməyə heç həvəsli görünmürdü.
Danışma-eşitmə qüsurlu uşaqların əl işləri
Artıq yarmarkanı tərk etməyə hazırlaşarkən kənarda şüşədən olan bir otağın içərisində əl işlərinin satıldığını gördük. Satışa nəzarəti valideynlər adından Sevana Salmanova edir: "Gördüyünüz bütün əşyalar 3 saylı məktəbin nəzdində olan danışma-eşitmə qüsurlu uşaların əl işləridir. Mənim öz oğlum da həmin məktəbdə oxuyur. Qiymət onlar üçün vacib deyil, əsas hazırladıqlarının satılmasını istəyirlər".