Bakı. 18 aprel. REPORT.AZ/ Əsas heyəti əlilliyi olan aktyorlardan ibarət inklüziv ƏSA Teatrının növbəti tamaşasının premyerası baş tutacaq.
"Report"a Böyük Britaniyanın Azərbaycandakı Səfirliyindən verilən məlumata görə, inklüziv ƏSA Teatrı mayın 2-də 19:00-da ingilis dramaturq Uilyam Şekspirin “Yay gecəsində yuxu” əsəri əsasında hazırlanmış “Yuxum” romantik komediyasının ilk nümayişini tamaşaçılara təqdim edəcək.
Tamaşanın quruluşçu rejissoru Şamil İbrahimov, rejissoru Nihad Qulamzadə, rəssamı Ülviyyə Mikayılova, qrafik dizayner və musiqi tərtibatçısı Aydın Rəhimov, səhnə tərtibatı Nicat Qulam, işıq rəssamı Bünyamin Sailodur. Səhnə əsərində ümumilikdə 15 aktyor rol alıb.
Xatırladaq ki, “Yuxum” tamaşası Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə hazırlanıb. Tamaşa Azərbaycan Teatr Xadimləri İttifaqının (Aktyorlar Evi) tamaşa salonunda baş tutacaq. Ünvan: Səbail rayonu, Xəqani küçəsi 10. (Sahil metrosunun yaxınlığında)