Bakıda Ukrayna müharibəsinə həsr olunmuş “Ana, mən müharibə istəmirəm” adlı uşaq rəsm sərgisi açılıb.
“Report” xəbər verir ki, tədbir Ukrayna və Polşanın Azərbaycandakı səfirlikləri tərəfindən təşkil olunub.
Sərgidə nümayiş etdirilən rəsmlər uşaqların işğalı necə gördüklərindən bəhs edir. Üstəlik, rəsmlərdə müharibəyə son qoymaqla bağlı çağırışlar da var.
Sərgini ziyarət edənlərə Ukraynadakı dağıntılarla bağlı qısa videoçarxlar da nümayiş etdirilib.
Tədbirin açılışında Polşanın Azərbaycandakı səfiri Rafal Poborski və Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski iştirak ediblər.
Səfir R.Poborski vurğulayıb ki, Ukraynada müharibə hələ bitməyib və bunun nəticəsində insanlar həyatlarını itirir: “Ukraynanın humanitar yardıma ehtiyacı var. Rusiyanın təcavüzünə qarşı birgə mübarizə aparmalıyıq. Azərbaycanın Ukraynaya fəal dəstək verən ölkələr sırasında olmasını yüksək qiymətləndiririk. Azərbaycan müharibənin nə olduğunu və onun nəticələrinin nə qədər dəhşətli olduğunu yaxşı bilir. Sərhəddə baş verən son hadisələr zamanı həlak olanların bütün yaxınlarına başsağlığı verirəm. Mən həm Azərbaycana, həm Ukraynaya sülh arzulayıram”.
Səfir V.Kanevski isə öz növbəsində bildirib ki, son həftələr Ukrayna öz ərazilərinin bir hissəsini Rusiya işğalından azad edə bilib: “Bu dəhşəti dayandırmaq üçün daha çox dəstəyə ehtiyac var. Müharibə milyonlarla ukraynalını evlərini tərk etməyə məcbur edib. Uşaqların münaqişədən əziyyət çəkməsi və ölməsi xüsusilə kədərlidir”.
Ukraynalı diplomat həmçinin müharibə zamanı humanitar yardım göstərdiyinə görə Azərbaycana təşəkkür edib.