Bakı. 27 dekabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqı tərəfindən “Rəngkarlıq, qrafika və heykəltəraşlıq sənət müsabiqəsi”nin və “Plakat müsabiqəsi”nin yekun sərgisinin açılışı olacaq.
Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, dekabrın 28-də Azərbaycan Rəssamlar İttifaqı Vəcihə Səmədova adına sərgi salonunda baş tutacaq sərgidə Azərbaycan rəssamlarının dövlət müstəqilliyinin bərpasından ötən 25 ildə respublikanın siyasi, iqtisadi, hərbi, idman, mədəni həyatında əldə olunan uğurlarına həsr olunmuş rəngkarlıq, qrafika və heykəltəraşlıq və plakat əsərləri nümayiş etdiriləcək.
Sərgi Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2016-cı il tarixli 2378 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə bağlı Tədbirlər Planı”nın icrası ilə əlaqədar Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunub.