Bakıda "Qaragöz" komediya filminin çəkilişlərinə başlanıb - REPORTAJ

Bakıda "Qaragöz" komediya filminin çəkilişlərinə başlanıb - REPORTAJ Filmin çəkilişləri dekabrın 20-nə qədər yekunlaşmalıdır
İncəsənət
294
24 Noyabr , 2017 12:21
Bakıda Qaragöz komediya filminin çəkilişlərinə başlanıb - REPORTAJ
Report/ Orkhan Azim

Bakı. 24 noyabr. REPORT.AZ/ Bakıda "Qaragöz" adlı yerli komediya filminin çəkilişlərinə başlanıb. 

"Report"un əməkdaşları çəkiliş meydançasını ziyarət edib, görülən işlərlə yaxından tanış olub.

Bizi filmin rejissoru Orxan Mərdan qarşılayır. Səs-küy, soyuq havada çəkiliş qrupunun dayanmadan işləməyi isti ab-hava yaradırdı. Otaqların dağınıq olması diqqətimizi çəkdi. Ancaq daha sonra bunların çəkiliş üçün dekor olduğunu anladıq.

O.Mərdan bildirdi ki, filmin adı əsas obraz olan Qaranın adından götürülüb: "Filmin ssenari müəllifləri Vüqar Hüseynov və Talıb Əhmədovdur. Baş produser və rejissoru isə özüməm. Filmdə hadisələr Qaranın evində, işlədiyi teatrda, Bakının müxtəlif yerlərində və Qəbələ şəhərində cərəyan edir".

Ancaq rejissor filmin büdcəsi ilə bağlı sualları cavablandırmaqdan yayındı və bu barədə heç vaxt məlumat vermədiyini söylədi: "Hər halda Azərbaycan reallığına uyğundur. Filmdə baş rolu Elməddin Cəfərov ifa edəcək. Eyni zamanda Kəbil Kərimov, Rasim Cəfər, Ceyhun Məmmədov və başqaları da yaradıcı heyətə daxildir. Komediya janrında olduğundan tanınmış simadan istifadə etməyə çalışdıq".

Hazırlıqlar tamamlandıqdan sonra Elməddin Cəfərov gəldi və əvvəlcə qrim otağına yollandı. Aktyor canlandırdığı obrazın "Hacı Qara" ilə oxşarlıqlarının çox olduğunu söylədi: "Qara olduqca xəsis insandır. İndiyədək ifa etdiyim ən ağır rol olduğunu deyə bilərəm. Çünki film ərzində bu rolun xarakteri 4-5 dəfə dəyişir . Filmin sonunda Qara tamam başqa bir insana çevirilir. Filmdə xəsislik, ata qayğısı, sevgi, ağlamaq, faciə var. Filmin içində "Arşın mal alan" tamaşası ifa olunacaq. Burada mən Əsgər rolunda ifa etməliyəm. Bu, çox ağır roldur. Ümid edirəm ki, hər şey yaxşı olacaq".

Filmin çəkilişləri dekabrın 20-nə qədər yekunlaşmalıdır. Təqdimatı isə mart-aprel aylarında baş tutacaq. 

Son xəbərlər

Orphus sistemi