"30 İyul - İnsan alverinə qarşı mübarizə günü”nə həsr olunan “İkinci nəfəs" incəsənət sərgisi keçirilib.
"Report" xəbər verir ki, sərgidə QHT və dövlət orqanlarının təmsilçiləri, habele ölkənin tanınmış incəsənət nümayəndələri iştirak ediblər.
Xətai Sənət Mərkəzində keçirilən tədbir "Azərbaycan Uşaqları" İctimai Birliyinin təşkilatçılığı və Daxili İşlər Nazirliyi, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi, "Lu-Mun Hoolding", “ASAN Könüllüləri” Təşkilatı və Xətai Sənət Mərkəzinin dəstəyi ilə baş tutub.
"Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, sərginin keçirilməsində əsas məqsəd potensial insan alveri qurbanlarının fərdi yaradıcılıq və əl qabiliyyətlərinin inkişaf etdirilməsi, həmçinin tullantılardan düzgün istifadə etməklə onların yararlı hala gətirildiyini cəmiyyətin diqqətinə çatdırmaqdır.
Sərgidə uşaqlar tərəfindən Azərbaycan milli atributlarını, toxuma nümunələrini özündə əks etdirən əl işləri, Şuşa şəhərinin, Xüdafərin körpüsünün maketi və s. nümayiş etdirilib.
BMqT-nin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən “İnsan Alverinə qarşı Mübarizə” layihəsinin dəstəyi ilə “30 İyul - İnsan alverinə qarşı mübarizə günü”nə həsr edilən və uşaqlar tərəfindən onların hüquqlarını və gələcəyə baxışlarını əks etdirən xüsusi hazırlanmış eksponatlar da təqdim edilib.
Qeyd edək ki, bu il Ümumdünya Uşaq Əməyinin Ləğvi İli olaraq qəbul edilib. Bununla da "Azərbaycan Uşaqları" ictimai Birliyi uşaq əməyinin istismarı və uşaqlara qarşı zorakılığın insan alverinin forması kimi ictimaiyyətin diqqətinə çatdırır və onunla mübarizənin əhəmiyyətini vurğulayır.