Bakıda gender bərabərliyi mövzusuna həsr olunmuş “Bir damla günəş, bir nəfəs külək və bir az da sevgi” tamaşa nümayiş olunub.
“Report” xəbər verir ki, tədbir Latviyanın Azərbaycandakı səfirliyi, BMT-nin ölkəmizdəki nümayəndəliyi və Norveçin Türkiyədəki səfirliyinin dəstəyi ilə təşkil olunub.
Layihə BMT Təhlükəsizlik Şurasının Qadınlar, Sülh və Təhlükəsizlik haqqında 1325 saylı Qətnaməsinə qəbul edilməsinin ildönümünə həsr olunub.
Premyeradan əvvəl Latviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Viya Buşa bildirib ki, tamaşa gender bərabərliyi üzrə “O” beynəlxalq müasir incəsənət layihəsi çərçivəsində səhnələşdirilib.
"Gender bərabərliyi mövzusu Azərbaycan üçün çox vacibdir. Selektiv abortlar problemi də çox aktualdır", - o deyib.
“Bir damla günəş, bir nəfəs külək və bir az da sevgi” tamaşası müxtəlif yaşlarda olan üç qadının selektiv abort qurbanı olmasaydı, yaşaya biləcəyi həyat hekayələrindən bəhs edir.
“O” Beynəlxalq Müasir İncəsənət Layihəsi çərçivəsində Bakıda gender problemlərinə həsr olunmuş sərgi də keçiriləcək, həmçinin “Qadınlar davamlı gələcək naminə” adlı beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulub.