Bakı. 20 oktyabr. REPORT.AZ/ Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyi tərəfindən Bakı şəhərində keçiriləcək “Keçə sənətində kəsişmə nöqtələri” mövzusunda III Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumu çərçivəsində dünya şöhrətli keçə ustalarının master-klassları təşkil ediləcək.
Nazirlikdən "Report"a verilən məlumata görə, keçədən dəbli və gözəl aksessuarları öz əlləri ilə hazırlanma qaydasını öyrənmək istəyənlər aşağıda qeyd olunan master-klasslarda iştirak edə bilər.
“Osmanlı” türk keçə texnikası üzrə ustad dərs
Rəhbərlər: Mehmet və Teresa Girgiç
Tarix: 25-26 oktyabr, saat 9:30
“Osmanlı” texnikası parça üzərinə (bir qayda olaraq ipək parça) keçə ornamentinin tətbiqindən ibarətdir. Bu üzəri mürəkkəb, fakturalı səthli məmulatlar yaratmağa imkan yaradır. Bu halda məmulatın rəngi bəzək elemeti olaraq vurğulanmır, yalnız "bərabər şərtlərlə" fakturasını tamamlayır. Mehmet və Teresa Girgiç tərəfindən hazırlanan əsərlərin əsasında çox zaman Böyük İpək Yolunun ənənəvi tikmələrinə rast gəlinir. Ustad dərsində məhz onların yaradıcılığına xas olan bu növ əsərlər hazırlanacaq.
“Kiyiz” keçə qırğız texnikası üzrə ustad dərs
Rəhbərlər: Ayday Asanqulova və Nurcamal Asanqulova
Tarix: 27 oktyabr, saat 10:00
Qonaqlara “BUKON” dizayn studiyasının keçə emalının üsulu nümayiş olunacaq. Rəssam-dizayner Ayday Asanqulovanın rəhbərlik etdiyi bu studiya gənc rəssam və tələbələri birləşdirir. Studiyanın vəzifələrindən biri, keçəçilərin beynəlxalq səviyyədə peşəkar və yaradıcı inkişafını təşviq etməkdir. Studiya ənənəvi qırğız texnikası olan “kiyiz”in ipək, yun və pambıq kimi materiallarla işlənərək yeni səviyyəyə yüksəlməsinə nail olub. Master-klass zamanı ipək üzərində keçədən şərf hazırlanacaq.
Nano-keçə üzrə ustad dərs
Rəhbər: Selçuk Gürışık
Tarix: 27 oktyabr, saat 10:00
Selçuk Gürışık Böyük Britaniyanın, ABŞ və Türkiyədənin müxtəlif universitetlərində mühazirələr oxuyur, həmçinin, əsərlərində ənənəvi Anadolu keçəsinin tətqiqi nəzəriyyəsi və təcrübəsini birləşdirərək, dəbli aksessuarların tərtibatçısı və istehsalçısı kimi tanınır. Selçuk&Ali brendi altında o, və onun iş ortağı Ali Alev təbii xammaldan - yun, ipək və kəşmirdən istifadə edirək nano-keçə (parça üzərində keçə) istehsal edirlər. Master-klass zamanı Selçuk Gürışık keçə emal üsullarını paylaşacaq.
Qeyd edək ki, hər bir ustad dərs üçün 8 nəfər nəzərdə tutulub. Qeydiyyat üçün Azərbaycan Xalça Muzeyinin rəsmi "Facebook" səhifəsinə və ya (012) 497-20-57 əlaqə nömrəsinə müraciət edə bilərsiniz. Dərslər 25-27 oktyabr tarixlərini əhatə edəcək.