Bu gün Gürcüstan kinosu 113 illiyini qeyd edir.
“Report”un yerli bürosu xəbər verir ki, gürcü kinosunun “doğum günü” 1908-ci ilin mayın 15-i, “doğum yeri” isə Bakı hesab olunur.
Belə ki, Gürcüstan SSR-in xalq artisti, kinorejissor Vasil Amaşukelinin (1886-1977) Bakı mesenatının dəstəyi ilə lentə aldığı ilk sənədli kadrlardan ibarət materialın premyerası məhz həmin tarixdə Azərbaycan paytaxtında baş tutub. Sənədli filmdə Bakı bazarları, dəvələrlə kömürün daşınması və neft quyuları yer alıb. Rejissorun çəkdiyi “Bakı bazarlarının tipləri” adlı tammetrajlı sənədli film Gürcüstanın bu janrda çəkilən ilk ekran əsərləri arasındadır.
V.Amaşukeli Bakıda kinoteatrların birində mexanik kimi çalışıb. O, 1907-ci ildə Bakıda neft hasilatı mövzusunda bir neçə sənədli film lentə alıb, daha sonra fəaliyyətini doğulduğu Kutaisi şəhərində davam etdirib.