Bakı. 1 mart. REPORT.AZ/ Fevralın 29-da YARAT müasir incəsənət mərkəzində fransız musiqiçi Pyer Treqomenin Bakıya ilk səfəri münasibətilə "Caz və muğam gecəsi" adlı konsert keçirilib.
"Report" xəbər verir ki, Fransanın ölkəmizdəki səfirliyinin Azərbaycanda Fransız İnstitutu və YARAT müasir incəsənət mərkəziylə birgə təşkil etdiyi konsertdə azərbaycanlı və fransız musiqiçilər iştirak edib.
Onlar muğam kompozisiyaları, ənənəvi, müasir və caz musiqiləri, musiqi improvizasiyaları ifa edib.
Qeyd edək ki, Pyer Treqomen fransız caz musiqiçisi və müğənnisidir, bir çox fərqli musiqi təcrübəsinə malikdir. Daima yeni səs və musiqi kəşf etməyə çalışan müğənni (pop, caz və barok arasında dəyişən son “Shelter” adlı albomu buna nümunədir - red.) bu gün şərq ənənəvi musiqi janrlarının axtarışındadır. O, artıq bir neçə ildən çox öz yaradıcılığında dünya musiqisinə, xüsusilə Pakistan və İranın sufi mahnılarına müraciət edir. Musiqiçi emosional məna daşıyan, dərin və bitkin təfəkkür, bədii həyəcan və müxtəlif musiqi obrazlarının inkişafını ifadə edən muğamı yaradıcılığında istifadə etmək niyyətindədir.