Bakı. 28 yanvar. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi 2 fevral – Gənclər günü ilə əlaqədar tabeliyində olan müəssisələrdə keçiriləcək tədbirlər planını təsdiq edib.
"Report" xəbər verir ki, bu barədə məlumatı Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidməti yayıb.
İdarənin tabeliyində olan mədəniyyət evləri, uşaq musiqi və incəsənət məktəbləri, kitabxanalar, muzey və mərkəzlərdə 2 fevral – Gənclər gününə həsr olunmuş sərgilər, söhbətlər, slayd-şoular, yarışmalar, "dəyirmi masa"lar, görüşlər, tamaşalar, ekskursiyalar, məruzələr, mühazirələr və konsertlər təşkil ediləcək.
Qeyd edək ki, 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı sərəncama əsasən, fevralın 2-si Azərbaycan Gəncləri günü elan olunub və həmin gündən bəri respublika əhalisinin 30 faizindən çoxunu təşkil edən Azərbaycan gəncləri bu günü qeyd edir.