Müşviq Abbasov: “Soçidə KVN festivalında qərəzli münasibətlə üzləşdik” - MÜSAHİBƏ

Müşviq Abbasov: “Soçidə KVN festivalında qərəzli münasibətlə üzləşdik” - MÜSAHİBƏ Bakı. 30 yanvar. REPORT.AZ/ “Parni iz Baku” komandasının ssenaristlərindən biri, “Legion” KVN komandasının kapitanı Müşviq Abbasovun Reporta müsahibəsi:
İncəsənət
30 Yanvar , 2019 10:41
Müşviq Abbasov: “Soçidə KVN festivalında qərəzli münasibətlə üzləşdik”  - MÜSAHİBƏ

Bakı. 30 yanvar. REPORT.AZ/ “Parni iz Baku” komandasının ssenaristlərindən biri, “Legion” KVN komandasının kapitanı Müşviq Abbasovun "Report"a müsahibəsi: 

- Rusiyanın Soçi şəhərində keçirilən “30-cu Beynəlxalq KVN Festival”ında iştirak etmisiniz. Yarışma necə keçdi? 

- Soçi festivalı üçün 650 komanda qeydiyyatdan keçmişdi. Bunlar arasında Azərbaycanı təmsil edən 4 komanda vardı. Biri də bizim “Legion” komandası. Bu komanda ilə biz 1995-1999-cu illər arasında Azərbaycan çempionatında çıxış edirdik. Daha sonra komanda üzvləri müxtəlif sahələrdə çalışmağa başladılar, amma komanda olaraq bir yerdəydik. Amma “Legion” komandası hazırda Azərbaycanın KVN çempionatında çıxış etmir. Soçidə KVN festivalının keçiriləcəyini eşidəndə isə qərara gəldik ki, yığışıb gedək festivala, özümüzü yoxlayaq. Çıxışımız gözlədiyimizdən uğurlu alındı. Bunu tək biz yox, digər komandaların üzvləri də deyirdi.

- Komandanız necə çıxış etdi? Nəticələriniz obyektiv qiymətləndirildimi? 

- Festivalda qərəz vardı. Bəzən həm bizim komandamıza, həm də başqa komandalara qarşı obyektiv olmayan münasibət göstərilirdi. Bilirsiniz, hansısa bir qərar bizim gözümüzdə qərəzli hesab olunur. Amma həmin qərarı verənlərin özlərinin başqa iş prinsipləri olur və nəyəsə əsaslanıb bunu edirlər. Aydındır ki, bizə bu qərarın səbəbini açıqlamırlar.  

- Əsasən, nədən narazı qalmısınız?

- Onların sistemi dəyişib. Bizim vaxtımızda başqa cür idi. İndi komandanın potensialını 3 dəqiqəlik çıxış ilə yoxlamaq istəyirlər. Bu isə mümkün deyil. Komanda ilə xüsusi individual olaraq maraqlanan yoxdur. Təşkilatçılar komandanı bir nəfərin adı ilə bağlaya bilərlər. Məsələn, tutaq ki, mən bu il festivala getmişəm, hansısa bir komanda aparmışam və orada komanda üzvləri artıq-əskik hərəkətlər ediblər. Növbəti il Azərbaycandan kimsə yarışmaya qatılmaq istəsə, bunlar deyirlər ki, yox azərbaycanlılar pisdirlər, onlar gəlməsinlər. Təkcə biz belə münasibətlə qarşılaşmırıq. İstər Gürcüstan, Belarus olsun fərqi yoxdur, bütün komandalara qarşı belə davranırlar. Bunlar araşdırmırlar ki, keçən il gələn başqaları idi və onların bir-birinə aidiyyəti yoxdur. Yəni hansısa ölkədən kimsə bir hərəkət edirsə, gələn il həmin ölkədən gələn komandaya bu təsir edir.

Mən gördüm ki, Azərbaycandan gedən gənc komandaların dəstəyə ehtiyyacları var. Əlbəttə, adam istəyər ki, bunlar da hamısı bir oteldə qalsınlar və normal qidalansınlar, rahat məşqlərini edə bilsinlər. Gələcəyə gedən komandalar üçün imkanımız çərçivəsində çalışarıq sponsor tapaq, həm də yaradıcılıq tərəfdən də köməklik etməyə hazırıq. 

- “Legion” komandası kimi fəaliyyətinizi davam etdirmək fikriniz varmı?

- Bəli, birgə işləmək gələcək planlarımızda var. Başqa çempionatlarda ölkəmizi təmsil etmək istəyirik. Komandamız bir neçə çempionata artıq çıxış etmək üçün dəvət alıb. Biz də öz aramızda seçimlər edirik.

Bəs digər ölkələrin KVN komandaları ilə müqayisədə Azərbaycan komandalarının göstəriciləri necədir?

- Təəssüflər olsun ki, son bir neçə ildə normal nəticə göstərən Azərbaycan komandası olmayıb. Bunun səbəbini maraqlandıqda isə dedilər ki, Anar Məmmədxanovun rəhbərlik etdiyi “Parni iz Baku” komandası 2001-ci ildə fəaliyyətini dayandırandan sonra elə bir sanballı nəticə göstərən Azərbaycan komandası yoxdur. Hətta redaktorlar da qeyd etdilər ki, biz KVN tarixi, mədəniyyəti olan Azərbaycandan festivala güclü komandanın gəlməsini gözləyirik. Elə komanda ki, “Parni iz Baku”nu əvəz etsin. Demirəm bu biz olacağıq, amma ümid edirik ki, nə vaxtsa belə bir komanda olacaq.

Bəs Azərbaycandan festivala qatılan komandalar necə seçilir?

- Təşkilatçıların sözlərinə görə, hər il tədbirə Azərbaycandan 3-4 gənc komanda gedir. Mən oraya axırıncı səfərim 15 il bundan qabaq olmuşdu. Heç xəbərim olmayıb ki, bu müddət ərzində hansısa komandalar Azərbaycandan festivala qatılırmış. Soçi festivalında bütün ölkələrin çempionları iştirak edirlər. Mən orada bildim ki, Azərbaycanda hansısa çempionat keçirilir və finalçılar seçilir. Bizim vaxtımızda bütün cəmiyyət bu çempionatdan danışırdı. Yəqin indi tendensiya başqadır. Bəlkə də, yüksək səviyyədə keçirə bilmirlər.

Bizim festivala getməyimizə dəstək verdiklərinə görə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova, Gənclər və İdman Nazirliyinə və Mədəniyyət Nazirliyinə təşəkkürümüzü bildiririk. 

Son xəbərlər

Orphus sistemi