Azərbaycan təsnifinin erməniləşmiş variantı - MƏQALƏ

Azərbaycan təsnifinin erməniləşmiş variantı - MƏQALƏ Azərbaycan xalqı qədim və çox zəngin musiqi irsinə malikdir
İncəsənət
17 Fevral , 2021 16:31
Azərbaycan təsnifinin erməniləşmiş variantı - MƏQALƏ

Azərbaycan xalqı qədim və çox zəngin musiqi irsinə malikdir. Onun zənginliyi xalq musiqimizin çoxşaxəli janrları (xalq mahnıları, halaylar, rəqs havaları, yallılar və s.) ilə xarakterizə olunur. Zənginliyimizin digər meyarı Azərbaycan xalqına məxsus olan aşıq və muğam sənətinin mövcudluğudur.

Lakin çox təəssüf ediləcək bir haldır ki, uzun illər Azərbaycan xalqı ilə yanaşı yaşamış və bu xalqın qədim adət-ənənəsini, mədəniyyətini, eləcə də folklor və professional musiqisini öyrənmiş bədnam qonşumuz olan erməni xalqı hazırda dünyanın hər yerində ifa etdikləri Azərbaycan xalq mahnı və rəqs havalarını öz musiqisi, erməni folkloru kimi təqdim edirlər.

Öz folkloru, xalq musiqisi olmadığından Azərbaycan musiqisinə yiyələnmək arzusu erməniləri bu yolda hər cür yalana, plagiata və saxtakarlığa istiqamətləndirir. Onlar xalq musiqimizin ən sevilən, ən ürəyəyatımlı mahnı və rəqslərinin adını, şeir mətnlərini dəyişərək, bu havaların melodik məzmununa yad intonasiyalar əlavə etməklə mənimsəməyə, erməniləşdirməyə çalışıblar.

Erməni saxtakarlığını nümayiş etdirən daha bir musiqi kompozisiyası haqqında məlumat vermək istərdik. Bu kompozisiya Azərbaycanda artıq 20 ilə yaxındır “Qarabağ inciləri” adı ilə tanınmaqda idi. Əsərin yaradıcısı isə görkəmli bəstəkarımız Fikrət Əmirov olduğu söylənilirdi.

Lakin Azərbaycanın qədim tarixi ərazisi sayılan Qarabağ bölgəsi erməni işğalı altında olduğu dövrdə həmin kompozisiyanı ermənilər dəfələrlə səsləndirib və dünyanın müxtəlif səhnələrində o, erməni musiqisi kimi təqdim edilib. Bunun bariz nümunəsi kimi 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunları yarışlarında gimnastika yığmasının erməni mənşəli üzvü Seda Tutxalyanın təsnifat mərhələsindəki çıxışını, həmin musiqinin sədaları altında ifasını göstərə bilərik.

Daha sonra, müxtəlif internet saytlarında həmin kompozisiya “Artsax” adı ilə təqdim olunub və bu bəstənin müəllifinin Ara Gevorkyan olduğu da qeyd edilib.

Belə faktların yayılması Azərbaycanın musiqi ictimaiyyətinin nəzərindən kənarda qala bilməzdi. Böyük mübahisəyə səbəb olan bu məsələ musiqişünaslar arasında geniş müzakirəyə səbəb olub, həmin musiqinin tarixi, melodik məzmunu yenidən tədqiq edilib.

Kompozisiyanın Fikrət Əmirova aid olmadığı aşkarlanıb. Bu faktı bəstəkarın oğlu, atasının sənətini şərəflə davam etdirən Cəmil Əmirov da təsdiqləyib.

Kompozisiyanın müəllifinin həqiqətən də erməni bəstəkarı Ara Karlenoviç Gevorkyan olduğu aydınlaşıb. Öz açıqlamasında A.Gevorkyan bu musiqinin ona aid olduğunu və 2001-ci ildə ilk dəfə orkestr müşayiəti ilə hazırladığını bəyan edib.

Bəs nə üçün bu melodiya uzun illər məhz, Azərbaycan musiqisi kimi tanınıb və qəbul edilib? Bunun isə yalnız bir cavabı var: həmin musiqi bizim doğma intonasiyalar üzərində qurulub, xalq musiqimizdən götürülüb.

Kökündə Azərbaycan musiqisini əks etdirən bu kompozisiyanın melodik məzmununun əslində hansı mahnı və ya rəqs melodiyasından götürüldüyünü dəqiqləşdirmək müəyyən zaman tələb edirdi. Çünki musiqi irsimiz o qədər zəngindir ki, onun bütün nümunələrinin ayrı-ayrılıqda araşdırılması tez başa gəlmir. Bunun üçün 300-ə yaxın xalq mahnısı, 350-dən çox rəqs melodiyası, 100-dən çox yallı havası, 70-dən çox halay musiqisi, eləcə də professional musiqi nümunələri təhlil edilməli idi.

Adlarını saydığımız musiqi nümunələrinin araşdırılması nəticəsində erməni musiqisi kimi təqdim olunan kompozisiyanın melodik məzmunu Azərbaycanın çox məşhur təsniflərindən biri olan, dahi şairimiz Məhəmməd Füzulinin “Can vermə qəmu-eşqə ki, eşq afəti-candır” adlı qəzəlinə bəstələnmiş mahnı olduğu məlum olub. Bu mahnı muğam ifaçılığı, xanəndəlik sənətində özünə dərin kök salmış melodiyalardandır.

Şur muğamının Hicaz şöbəsində təsnif kimi oxunan bu mahnının musiqisini analiz edərkən onun melodik məzmunu ilə yuxarıda qeyd etdiyimiz kompozisiyanın musiqisinin eyni olduğu aşkara çıxıb. Dediklərimizi sübuta yetirmək üçün əvvəlcə Hicaz təsnifinin not yazısından bir hissəni nəzərdən keçirək:

İndi isə erməni kompozisiyasının musiqi məzmununu not yazısında izləyək:

Eyni ladda göstərilmiş bu not yazılarını təhlil edərkən görürük ki, təsnifin melodiyasındakı ana xətt digər melodiyada olduğu kimi saxlanılıb, yalnız musiqinin ritmik ölçüsü dəyişilib və Şur muğamına yönələn (ayaq verən) “mib” işarəsi istifadə olunmayıb.

Not yazılarında ritmin üç paylı vəzndən dörd paylı vəznə keçməsi səsləri fərqli uzunluqda və fərqli qruplaşmada təzahür etdirsə də, hər iki melodiya öz səsdüzümü baxımından tamamilə eyni səslənməni saxlayır. Məsələn; “Hicaz təsnifi”ndəki dairəvi işarə ilə qeydə alınan ardıcıllıq

erməni musiqisindəki səsdüzümü ilə eyni quruluşdadır.

Hər iki melodiya ifa olunduğu ladın V pilləsindən (x.5) başlayır, daha sonra dairələrdə göstərilmiş səsdüzümü ilə pillə-pillə aşağıya, tonika (T) pilləsinə enir. Melodiyaların cavab cümlələri də eyni qaydada, IV pillədən (x.4) başlayaraq pilləvari ardıcıllıqla tonikaya qayıdaraq tamamlanır.

Azərbaycan xalq musiqisindən bəhrələnən erməni bəstəkarı təsnifin ritmik ölçüsünü dəyişməklə onu “Cəngi” musiqisinə çevirməyi də səbəbsiz deyil. Belə ki, başlanğıc mövzunun ardınca nağaraların “cəngi ritmi” altında daha bir qədim rəqs melodiyamız – “Bayandur” cəngisi səsləndirilir. Lakin onu da qeyd etməliyik ki, A.Gevorkyan bu rəqsimizin melodiyasına yersiz müdaxilə etməklə onu tamam bərbad vəziyyətə salaraq sözün əsl mənasında erməniləşdirib. Rəqsə əlavə edilmiş eybəcərlikləri duymaq üçün əvvəlcə erməni bəstəsindəki not yazısını izləyək:

“Bayandur” cəngisinin əsl orijinal musiqisini dinlədikdə bu iki melodiyanın nə dərəcədə fərqli olduğu, Azərbaycan musiqisinin nə qədər zəngin olması bir daha öz təsdiqini tapır.

Hər bir bəstəkar istənilən xalqın musiqi folkloruna müraciət edə bilər və istənilən xalq musiqi nümunəsinin üzərində işləyərək, onun forma və ritmik quruluşunu dəyişərək yaradacağı yeni əsərində istifadə edə bilər. Lakin əsərinin təqdimatında bəhrələndiyi mövzunun haradan, hansı xalqın folklor musiqisindən götürüldüyünü bəyan etməklə həmin xalqın razılığını, halallığını almalıdır.

Erməni bəstəkarı Ara Gevorkyanın Azərbaycan xalq musiqisinin iki müxtəlif janrına aid melodiyasını öz musiqisi, öz məhsulu kimi təqdim etməsi ilk növbədə özünün bəstəkar adına xələl gətirib. Digər tərəfdən bu kompozisiyanı “Artsax” adlandırmaqla o, Azərbaycan xalqına qarşı öz nankorluğunu və əsl düşmən münasibətini göstərib.

Belə saxtakarlıqların qarşısını vaxtında almaq üçün hər birimiz xalq musiqi xəzinəmizi dərindən öyrənməliyik. Azərbaycanın musiqi ictimaiyyəti, bəstəkarlarımız, musiqişünaslarımız, instrumental ifaçılarımız xalq musiqimizi dayanmadan araşdırmalı, tədqiq etməli və olduğu kimi də gələcək nəsillərə ötürməlidir.

Rauf Bəhmənli

Sənətşünaslıq üzrə fəlsəfə doktoru,

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük elmi işçisi

Son xəbərlər

Orphus sistemi