Azərbaycan milli teatrının yeni mövsümünün açılış mərasimi keçirilib - FOTO

Azərbaycan milli teatrının yeni mövsümünün açılış mərasimi keçirilib - FOTO Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan peşəkar milli teatrının 147-ci mövsümünün açılış mərasimi keçirilib.
İncəsənət
17 Sentyabr , 2019 19:02
Azərbaycan milli teatrının yeni mövsümünün açılış mərasimi keçirilib - FOTO
Report

Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan peşəkar milli teatrının 147-ci mövsümünün açılış mərasimi keçirilib.

"Report"un xəbərinə görə, tədbirdə Mədəniyyət Nazirliyinin əməkdaşları və teatr ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mədəniyyət naziri Əbülfəs Qarayev yeni teatr mövsümünün əhəmiyyətindən danışıb. O, yeni mövsümdə teatr sahəsində görüləcək işlər və həyata keçiriləcək yeni layihələr haqqında məlumat verib.

Nazir bildirib ki, 147-ci teatr mövsümünün açılışının bir mənası var: "Azərbaycan xalqının qəlbində sağalmaz bir yara var. Bu mövsümün Şuşa teatrında başlaması ondan xəbər verir ki, Azərbaycan xalqının nümayəndələri öz istedadlarını, yaradıcı axtarışları davam etdirirlər. Mən əminəm ki, biz tezliklə Şuşa teatrının növbəti mövsümünün açılışını Şuşada qeyd edəcəyik"

Ə.Qarayev deyib ki, Azərbaycan teatrı beynəlxalq səviyyədə uğurlar qazanır: "Ötən mövsümdə biz dövlət tərəfindən Azərbaycan teatrına olan qayğını bir daha gördük. Biz Prezidentin teatra göstərdiyi qayğı və diqqətini hər zaman görmüşük. Dövlət başçısının və Birinci vitse-prezidentin mədəniyyət xadimləri və teatr işçiləri ilə görüşü zamanı bu diqqəti bir daha gördük".

Daha sonra tədbirdə Altay Məmmədovun “Kitabi-Dədə Qorqud” dastanı əsasında yazdığı “Dəli Domrul” tamaşası nümayiş olunub.

Tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru Əməkdar artist Loğman Kərimov, rəssamı Valeh Məmmədov, rejissor assistenti Zəhra Salayeva, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

Rolları Məmməd Məmmədov, Püstəxanım Zeynalova, Zəhra Salayeva, Mobil Qurbanov, Hamlet Qənbərov, Emin Sevdiməliyev və Əməkdar artist Azad Məmmədov ifa ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, Şuşa Dövlət Musiqili Dram Teatrının binası əsaslı şəkildə təmir olunaraq 2018-ci il dekabrın 24-də kollektivin ixtiyarına verilib.

Son xəbərlər

Orphus sistemi