Azərbaycan Dövlət Rus Dram Teatrı Tbilisidə tamaşa nümayiş etdirib - FOTO

Azərbaycan Dövlət Rus Dram Teatrı Tbilisidə tamaşa nümayiş etdirib - FOTO Tbilisi. 22 noyabr. REPORT.AZ/ Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı Gürcüstana qastrol səfəri edib.
İncəsənət
22 Noyabr , 2018 23:37
Azərbaycan Dövlət Rus Dram Teatrı Tbilisidə tamaşa nümayiş etdirib - FOTO

Tbilisi. 22 noyabr. REPORT.AZ/ Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı Gürcüstana qastrol səfəri edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, qastrol səfəri çərçivəsində Azərbaycan teatrı A.S.Qriboyedov adına Tbilisi Dövlət Akademik Rus Dram Teatrında “Осенняя соната” (“Payız sonatası”) tamaşası ilə çıxış edib.

A.S.Qriboyedov adına Tbilisi Dövlət Akademik Rus Dram Teatrının direktoru Nikolay Sventitski tamaşanın nümayiş etdirilməsinə göstərdikləri dəstəyə görə Azərbaycanın Gürcüstandakı səfirliyi və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı nümayəndəliyinə minnətdarlığını bildirib.

O deyib ki, noyabrın 29-da rəhbərlik etdiyi teatr Azərbaycana qastrol səfəri edəcək. Teatr Bakıda “Vətən xainlərinin xanımlarının Akmolinsk düşərgəsi” adlı (“А.Л.Ж.И.Р. - Акмолинский лагерь жен изменников Родины”) tamaşası ilə çıxış edəcək.

“Осенняя соната” tamaşası görkəmli isveçli teatr və kino rejissoru İnqmar Berqmanın pyesi əsasında səhnəyə qoyulub. Rejissoru İlqar Səfat olan səhnə əsərində rolları Azərbaycanın xalq artistləri Lyudmila DuxovnayaMəbud Məhərrəmov, aktrisalar Rumiya AğayevaTamilla Abutalıbova ifa ediblər.

Səhnə əsərinin əsas süjeti dünyaca məşhur pianoçu Şarlotta və qızı Yevanın arasında gərgin münasibətlər üzərində qurulub. Yeva uşaqlıq illərindən anasına qarşı saxladığı incikliklərini və anasının hər bir hərəkətinin ona əzab verdiyini dilə gətirir. O, özünün və bacısının həyatda üzləşdiyi bütün bədbəxtliklərində anasını günahkar hesab edir. Şarlotta qızının bütün ittihamlarını dinləyir və eqoist olduğunu etiraf edərək ondan bağışlanmasını xahiş edir.

Tamaşa münasibətlərin aydınalşdırılmasından sonra ana və qızlarının bir-birilərini bağışlayaraq qucaqlaması ilə başa çatır.

Tamaşaçılar arasında Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfrilik nümayəndələri, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, azərbaycanlı və gürcü ziyalılar, gənclər və tələbələr də olub.

İzləyicilər səhnə əsərini böyük maraq və alqışlarla qarşılayıb.

Bundan əvvəl Akademik Milli Dram Teatrının kollektivi “Manqurt” tamaşası ilə Qırğız Respublikasında keçirilən beynəlxalq teatr festivalında çıxış edib.

Son xəbərlər

Orphus sistemi