Aşıqlar Birliyinin sədri: “Deyişmə”, “Köklə sazı” kimi müsabiqələr aşıq sənətini gözdən saldı" - MÜSAHİBƏ

Aşıqlar Birliyinin sədri: “Deyişmə”, “Köklə sazı” kimi müsabiqələr aşıq sənətini gözdən saldı" - MÜSAHİBƏ "Azərbaycan aşıq musiqisini Avropa məkanında tanıtmaq istəyirik"
İncəsənət
30 Aprel , 2018 11:03
Aşıqlar Birliyinin sədri: “Deyişmə”, “Köklə sazı” kimi müsabiqələr aşıq sənətini gözdən saldı - MÜSAHİBƏ
Report/ Elchin Murad

"Bu il Azərbaycanda III Beynəlxalq Ozan Aşıq Festivalı keçiriləcək"

Bakı. 30 aprel. REPORT.AZ/ Azərbaycan Aşıqlar Birliyinin sədri, əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının “Report”a müsahibəsi.

- Azərbaycan Aşıqlar Birliyinin neçə üzvü var?

- Hazırda, təqribən, 340-350 nəfər üzvümüz var. Ancaq Azərbaycanda bu sənətlə, demək olar ki, 400 nəfər məşğul olur. Ümumilikdə, Borçalıda, Dərbənddə, Rusiyadakılarla birlikdə, təxminən, 500 nəfər aşıqlıq ənənəsini yaşadan sənətkar var. Bəzən saz ifaçısı ilə aşıqlığı səhv salırlar. Saz çalmaq başqa bir şeydir. Hazırda birliyə üzv olan saz ifaçılarının sayı 50 nəfərdən çox deyil. Aşıqda böyük bilik, aktyorluq və ifa olmaldır.

- Bəs üzvlük haqqı nə qədərdir və hansı hallarda üzvlük ləğv olunur?

- Birliyin Nizamnaməsi və Əsasnaməsi var. Quruma üzv olmaq istəyən hansısa bir şəxsin, ən azı, 30 saz havasını bilməsi, bu havaları ifa etməsi şərtdir. Bundan başqa, azı, 4-5 dastan bilməlidir və bəzi dastanların hissələrini təqdim etməlidir. Eyni zamanda aşıq şeiri şəkillərini bilməlidir.

Bizdə üzvlük haqqı yoxdur. Birliyə üzvlük vəsiqəsinin verilməsi ilə bağlı heç bir haqq almırıq. Üzvlərin buradakı fəaliyyəti üçün hər bir şərait yaradılır. Birliyin fəaliyyətini gözdən salan, yersiz hərəkətlər edən, başaşağılığı gətirən insanlar üzvlükdən çıxarılırlar. İndiyədək 2-3 nəfərin üzvlüyü Aşıqlar Birliyinin İdarə Heyətinin qərarı ilə ləğv olunub.

- Aşıqların sazı atıb-tutmasına, çalğı aləti ilə müəyyən hərəkətlər etməsinə münasibətiniz mənfidir. Sizcə, bu ənənə haradan gəlir?

- Əslində, əvvəllər belə şey olmayıb, heç icazə də verməzdilər. Bu, şou aləmindən gəldi. Saz, aşıqlıq sənəti ilahi aləmlə bağlıdır. Böyük aşıqlarımıza bu sənət ilahi aləm, rəmzi-məcazi nurani bir dərviş tərəfindən verilib və onlar da ilahi aləm tərəfindən qorunublar. İndi dünya dəyişib və şou aləmi yaranıb. Bu o demək deyil ki, turnikdən sallanmış şəkildə, yaxud boynunun arxasında saz çalmalıdırlar. Sadəcə, səbəb çox bəsitdir. Bəzi kiçik eyş-işrət məclislərində adamlar qarşısındakına pul vermək üçün bu cür hərəkətlər etməyi istəyir. Bu cür meymunabənzər üsullarla saz çalmaq da belə məclislərdən qaynaqlanır. Çünki belə məclislər könül, ruh məclisi deyil. Təəssüflər olsun ki, ən dəhşətlisi bu cür ifaçıların ara televiziyalarına ayaq açmasıdır. Hətta verilişin aparıcısının özünün də ara adamı olduğunu görürsən. Həmin aşıqları efirə çıxartmaqla eyş-işrət məclislərində göstərdikləri hərəkətləri on milyon insanın gözü qarşısında da təkrarlamağa şərait yaradırlar.

- Bəs bu cür ifaçılar Aşıqlar Birliyinə üzv olmaq üçün müraciət edirlərmi?

-Əlbəttə, bu cür ifaçılar üzvlük üçün bizə dəfələrlə müraciət ediblər. Mən qətiyyətlə bu insanları üzvlüyə qəbul etmirəm. Təşkilatımızla onların heç bir əlaqəsi yoxdur. Əgər hansısa üzvümüzdən bu cür hərəkət görsək, dərhal yanıma çağırıram və xəbərdarlıq edirəm. Əks təqdirdə, üzvlüyünü ləğv edirik.

- Aşıq musiqilərinin sintezinə münasibətiniz necədir?

- Əslində, buna normal baxırıq. Hazırda saz, caz və rok üstündə işlər gedir. Ancaq hələlik çatışmayan cəhətlər var. Belə ki, cazı və roku bilən uşaqların saz ifalarında çatışmazlıqlar olur. Ona görə də onlara sazla bağlı olan hissəni gücləndirməyi məsləhət görmüşəm. Ümumiyyətlə, Azərbaycan aşıq musiqisini Avropa məkanında tanıtmaq istəyirik.

- “Yanıq Kərəmi” havası ilə bağlı zaman-zaman müxtəlif fikirlər səsləndirilir. Bəzən deyirlər ki, bu musiqiyə qol qaldırıb oynamaq olmaz. Belə fikirlərin əsası varmı?

- Biz ona “Oynaq Kərəmi” deyirik. “Yanıq Kərəmi” segah üstündə, şikəstə ruhlu bir havadır. Aşıqlarımız zamanla toylardakı ansambllarla bunu qarmona, gitaraya keçirməyə başladılar və sazın özünü elektrosaza qoşub ritmi artırdılar. Aşağı ritmdə çalınan havanı birdən-birə üç dəfə yüksək ritmli havaya çevirdilər və bu da oynamaq tələb etdi. Bunu qınamaq olmaz, çünki iş-işdən keçib.

- Bir ara televiziyalarda aşıq müsabiqələri var idi...

- Mən SMS-lə keçirilən müsabiqələri qəbul etmirəm. Bir neçə kanalda bu müsabiqələri gördüm, xüsusilə də Lider TV-də. Aşıqlar Birliyi adından onlara məktub yazdım, bunun aşıq sənətini gözdən saldığını vurğuladım. Hər ay “Köklə sazı” adlı müsabiqə keçirilirdi. Dünyanın harasında görülüb ki, bir aya müsabiqə bitsin, sonrakı ay yenidən davam etsin? həmin müsabiqədə ifa edənlər də istedadsız idilər. Təəssüf ki, bunların qarşısını ala bilmirəm. Televiziya bu işin onların öz yaradıcılıq işləri olduqlarını deyərək bizim onlarla də qoşulmağımızı istəyirlər. Biz isə bunu istəmirik. Həmin insanlar heç Aşıqlar Birliyinin üzvü deyillər. “Deyişmə”, “Köklə sazı” və s. hardasa bu kimi 7-8 müsabiqə olub. Bunlar aşıq sənətini gözdən salmaq üçün böyük iş gördülər. Ar olsun onlara... Aşıq sənətini çox gözdən saldılar.

- Bəs bununla bağlı Milli Televiziya və Radio Şurasına müraciət etmisinizmi?

- Bəli, məktub yazmışam. Təəssüf ki, onlar mənə müsbət cavab vermədilər, televziyaların yaradıcılıq işlərinə qarışa bilmədiklərini dedilər. Niyə qarışa bilmirsiniz? Bəs bu boyda sənəti, milli-mənəvi dəyərləri gözdən salan məsələlərin qarşısını niyə almırsınız? Bu cavaba normal baxmadım.

- Aşıqlar Birliyinin gələcək işlərlə bağlı nə kimi planları var?

- Bu il Azərbaycanda III Beynəlxalq Ozan Aşıq Festivalının keçirilməsi nəzərdə tutulub. Festival Dədə Şəmşirin 100 illiyinə həsr olunacaq.

Bununla belə, aşıqların irsinin qorunması və təbliğ olunması məqsədilə xüsusi toplu-buraxılış nəşr etdirəcəyik. Bu kitab hər il buraxılacaq, Aşıqlar Birliyinin illik fəaliyyəti və aşıqlıq sənəti ilə bağlı ən müasir məqamlar, araşdırmalar yer alacaq.

Bununla yanaşı, Mədəniyyət və Turizm Nazirliyi ilə birgə "Dastan teatrları" layihəsini həyata keçirmək istəyirik. Məşhur dastanlardan birini səhnələşdirmək üçün teatrlardan bir neçəsi ilə danışıqlar aparılır.


Son xəbərlər

Orphus sistemi