Akademik Milli Dram Teatrı mövsümə yekun vurur

Akademik Milli Dram Teatrı mövsümə yekun vurur “Ötən mövsümdə “Almaz”, “Çipollino”, “Buzlar ölkəsində”, “Vəsiyyət”, “Kosanın qızı”, “Aldanmış ulduzlar” tamaşalarının premyeraları keçirilib
İncəsənət
3 İyul , 2017 20:55
Akademik Milli Dram Teatrı mövsümə yekun vurur

Bakı. 3 iyul. REPORT.AZ/ Yola saldığımız mövsüm Akademik Milli Dram Teatrının yaradıcı heyəti üçün əlamətdar hadisələrlə yadda qalıb.

Bu barədə "Report"a Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı məlumat verib. 

Onun sözlərinə görə, mövsüm ərzində kollektiv xaricdə və bölgələrdə qastrol səfərlərində olub, bir neçə tamaşanın premyerasını keçirilib, eyni zamanda Azərbaycan teatrının inkişafında müstəsna xidmətləri olan korifey sənətkarlarımızın yubileyləri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təntənəli şəkildə qeyd edilib.

O deyib ki, ötən mövsümdə “Almaz”, “Çipollino”, “Buzlar ölkəsində”, “Vəsiyyət”, “Kosanın qızı”, “Aldanmış ulduzlar” tamaşalarının premyeraları keçirilib: "Xalq yazıçısı İlyas Əfəndiyevin “Boy çiçəyi” tamaşası xalq artisti Ramiz Novruzun iştirakı ilə teatrımızın bədii rəhbər direktoru, xalq artisti Azər Paşa Nemətovun yeni quruluşunda təqdim edildi. Bundan başqa xalq yazıçısı Elçin Əfəndiyevin “Cəhənnəm sakinləri” əsəri əsasında hazırlanan yeni tamaşanın məşqləri bitib, sentyabrda həmin tamaşanın premyerasını keçirəcəyik.
Məşq prosesində olan növbəti səhnə əsəri isə Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanı əsasında hazırlanacaq “Qətibə İnanc” tamaşasıdır. Həmin tamaşaya xalq artisti Mərahim Fərzəlibəyov dramaturq Çingiz Ələsgərlinin “Qılınc və qələm” romanının motivləri üzərində yazdığı pyes əsasında quruluş verir. Bu tamaşa da yeni teatr mövsümündə teatrsevərlərin ixtiyarına veriləcək."

Ümumiyyətlə, bu mövsümdə Akademik Milli Dram Teatrının gənc rejissorları Anar Sadıqov və Əlif Cahangirli Çexov Beynəlxalq Teatrı Festivalında iştirak edib, yaradıcı laboratoriya və master-klasslara qatılıblar. 

Bu ilin avqust ayında Akademik Milli Dram Teatrı Bolqarıstanın Varna şəhərində Beynəlxalq Mono Tamaşalar Festivalında iştirak edəcək. Bu tamaşanı rejissor Anar Sadıqov əməkdar artist Ayşad Məmmədovun “İuda” mono pyesi əsasında hazırlayıb, səhnə əsərində Ayşad Məmmədov çıxış edir.

C.Zeynallı vurğulayıb ki, Akademik Milli Dram Teatrı teatr mövsümünə iyulun 9-da “Qarabağnamə” tamaşası ilə yekun vuracaq: "Yeni mövsümdə teatrımızın dəyərli tamaşaçıları üçün maraqlı, onların rəğbətini qazanacaq səhnə əsərləri vəd edirik”.

Son xəbərlər

Orphus sistemi