Bakı. 23 sentyabr. REPORT.AZ/ Amerikanın "Matuto" musiqi qrupu Bakıda konsert verib.
"Report" xəbər verir ki, konsert ABŞ-ın Azərbaycandakı səfirliyinin “Amerika Musiqisinin Elçiləri” proqramının çərçivəsində keçirilib.
Məlumatda qeyd olunub ki, Azərbaycanda ilk dəfə olaraq çıxış edən "Matuto" musiqi qrupunun səfəri Amerika və Azərbaycan arasında mədəniyyətlərarası anlaşmanın güclənməsinə töhfə verəcək.
Musiqi qrupunun Bakı ilə yanaşı İsmayıllı, Mingəçevir və Gəncəyə səfəri planlaşdırılıb. Səfər zamanı qrup konsertlər verəcək, yerli musiqiçilər üçün ustad dərsləri təşkil edəcək. Ümumilikdə qrup növbəti iki həftə ərzində Azərbaycanda altı konsert proqramıilə çıxış edəcək.
Konsertlər pulsuz və ictimaiyyət üçün açıqdır.
Qeyd edək ki, "Matuto" qrupunun möhtəşəm səhnə şousu 2011-ci ildə Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Vomex Beynəlxalq Musiqi Konfransında onlara böyük uğur qazandırıb. Bundan başqa, qrup 2012-ci ildə ABŞ Dövlət Departamentinin “Amerika Musiqisinin Səfirləri” təyinatı ilə Qərbi Avropa, Şimal-şərqi Braziliya və Şərqi Avropa səhnələrində konsert proqramı ilə çıxış edib.
"Matuto" qrupunun musiqisi bütövlükdə rəqs üzərində qurulub. Bu musiqi qrup Braziliya foxo rəqs elementləri və Amerikaya məxsus bluegrass musiqi janrında kompozisiyalar ifa edir.