ABŞ-ın paytaxtı Vaşinqton şəhərində azərbaycanlı rəssam Əbülfəz Bahadurinin əsərlərindən ibarət “Perspektvlər” adlı sərgisi açılıb.
“Report”un yerli bürosu xəbər verir ki, ABŞ-ın qabaqcıl sənət mərkəzlərindən birində, “İncəsənət liqası”nda (“Art league”) təşkil olunan sərgidə rəssamın dostları, Vaşinqtonda yaşayan həmvətənlərimiz və sənətsevərlər iştirak ediblər.
Sərginin açılışında çıxış edən “İncəsənət Liqası”nın rəhbəri Suzanne Bathel Ə.Bahadurini təbrik edib və yaradıcılıq uğurları arzulayıb. S.Bathel tanınmış rəssamın fərqli üslubundan söz açıb, onun rəsmlərinin rəngli dünyasını beynəlxalq incəsənət cizgilərinin boyadığını, eyni zamanda əsərlərdə milli çaların üstünlük təşkil etdiyini xüsusi vurğulayıb.
Abstrakt və kolorist rəssam kimi tanınan Ə.Bahaduri “Report”a açıqlamasında sərgiyə çıxarılan əsərlərində Azərbaycanın dahi alimi Nəsrəddin Tusinin kəşf etdiyi həndəsə qanunları nəticəsində inkişaf etdirilən, Avropanın intibah dövrü rəssamlarının istifadə etdiyi ölçü cədvəllərindən faydalandığını deyib: “Adətən bu kimi cədvəllər boyanın altında itib-batır və klassik rəssamlar onu yalnız ölçü kimi işlədirlər. Mən isə həmin cədvəli önə çıxarmaqla onun mozaiklərini mücərrəd formaya çevirərək, eyni zamanda həm məcazi, həm də real şəkildə əlvan rəngləri səhnəyə çıxarmaq üçün istifadə edirəm. Əsərlərimdə hər şey rənglərin ahəngi üzərində qurulub”.
Rəssam yaradıcılığında Təbrizin xalıları və miniatürlərindən ilham aldığını, Azərbaycanın zəngin incəsənətindən təsiriləndiyini bildirib: “Kiçik yaşımda Təbrizi tərk etsəm də, bütün yaradıcılığım milli kimliyim üzərində inşa edilib. ABŞ-da bu günə qədər bir çox sərgilərim keçirilib. Ən böyük sərgim 2011-ci ildə Qarabağ Fondu tərəfindən Vaşinqtonda təşkil edildi. Həmin sərgidə 89 əsərim nümayiş olundu.
Hazırda ADA Universitetinin Vaşinqtondakı ofisində də əsərlərim sərgilənir. ABŞ-da fərdi sərgilər keçirmək heç də asan deyil. “İncəsənət liqası” məni ayın rəssamı elan edib. Sərgidə 20-dən çox əsərim nümayiş olunur. Onlardan “İsa bulağı” adlanan əsəri 40 günlük “Vətən müharibəsi” vaxtında ərsəyə gətirmişəm”.
Sərgis iyulun 3-nə qədər davam edəcək.
Vüsalə Abbasova