Bakı. 4 iyun. REPORT.AZ/ "Azərbaycanın görkəmli ədəbiyyat xadimi, yazıçı, dramaturq Abdulla Şaiqin ev muzeyinin sökülməsi ilə bağlı yayılan məlumatlar yalandır".
Bunu "Report"a açıqlamasında Abdulla Şaiqin ev muzeyinin direktoru, yazıçının nəvəsi Ülkər Talıbzadə bildirib.
Onun sözlərinə görə, hazırda ev muzeyinin sökülmə təhlükəsi yoxdur: "Muzey söküntü ərazisində olsa da, yazıçının bir zamanlar yaşadığı ev qorunur. Muzeyimiz fəaliyyətini əvvəlki qaydada davam etdirir. Bizə muzeyin sökülməsi ilə bağlı heç nə deməyiblər. Muzeyimiz Mədəniyyət və Turizm Nazirliyinin balansındadır. Hörmətli nazirimiz Əbülfəs Qarayev keçmiş "Sovetski" adlanan ərazidə yerləşən 3 muzeyin - Abdulla Şaiq, Cəlil Məmmədquluzadə və Üzeyir bəy Hacıbəylinin ev muzeylərinin sökülməyəcəyini deyib. Ümid edirik ki, muzeyimiz qorunub saxlanılacaq".
Ü.Talıbzadə vurğulayıb ki, Abdulla Şaiqin ev muzeyinin binası qəzalı vəziyyətdədir: "Bu barədə Mədəniyyət və Turizm Nazirliyinə məlumat vermişik. Muzey təmir olunmalıdır. Muzeyin yerləşdiyi binanın özülü zəifdir. Binanın özülündə bərkitmə işləri aparılsa, muzey uzun illər fəaliyyət göstərəcək".
Qeyd edək ki, Abdulla Şaiq indi ev muzeyi olan mənzilə 1916-cı ildə köçüb və ömrünün sonunadək orada yaşayıb. O zamanlar Yuxarı Dağlıq küçəsi (indiki A.Şaiq küçəsi) adlanan küçədəki mənzil beş otaqdan ibarətdir.