“9 senses” incəsənət mərkəzində uşaqlar üçün “Yaradıcılıq marafonu” keçirilib

“9 senses” incəsənət mərkəzində uşaqlar üçün “Yaradıcılıq marafonu” keçirilib 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “9 senses” incəsənət mərkəzində uşaq və valideynlərin iştirakı ilə “Yaradıcılıq marafonu” keçirilib.
İncəsənət
1 İyun , 2023 20:44
“9 senses” incəsənət mərkəzində uşaqlar üçün “Yaradıcılıq marafonu” keçirilib

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “9 senses” incəsənət mərkəzində uşaq və valideynlərin iştirakı ilə “Yaradıcılıq marafonu” keçirilib.

“Report” xəbər verir ki, marafon zamanı valideynlər övladları ilə birlikdə incəsənət obyektləri yaradıb, rəsm çəkib, oynayıb və maarifləndirici mühazirələrdə iştirak ediblər.

Yaradıcı marafonun proqramında keramika məmulatlarının şəxsi brendinin yaradıcısı, mentor Ramina Boçarovanın rəhbərliyi altında sənətkarlıq dərsləri də yer alıb.

Həmçinin marafon çərçivəsində “Ağ at” klubunun təşkilatçılığı ilə şahmat turniri keçirilib. Azərbaycanda şahmat üzrə ilk beynəlxalq qadın hakim, “Ağ at” klubunun direktoru Ülkər Umudova jurnalistlərə bildirib ki, uşaqlar bu cür yarış-dərsləri həmişə maraqla qarşılayırlar.

“Yaradıcılıq marafonu”nda uşaq evindən olan uşaqlar da iştirak ediblər. Rəssamlıq laboratoriyasında uşaqlar Məzahir Rüstəmovun mentor kimi çıxış etdiyi “miks media art” dərslərini öyrənib. Onlar gildən, plastilindən əşyalar düzəltməklə məşğul olublar, uşaqlar əl işlərində öz arzu və fantaziyalarını həyata keçiriblər.

Marafon çərçivəsində Azərbaycanın Xalq artisti, balerina Kamilla Hüseynovanın xoreoqrafiya dərsləri də keçirilib. O bildirib ki, uşaqlar hansısa fəaliyyət növü ilə məşğul olurlarsa, bu, artıq bayramdır. “Uşaqların çox enerjisi var. Ən əsası onlara düzgün yanaşmanı tapmaq, onları maraqlandırmaqdır. Belə olacaq halda onlar səs-küy salsalar da, sizə qulaq asacaqlar”, - Xalq artisti deyib.

Qeyd edək ki, “9 senses” - Xəzər dənizinin sahilində yerləşən gözəl ab-havaya malik məkan yaradıcılıq və özünü inkişaf üçün incəsənət mərkəzidir.

Mərkəzin direktoru Nataliya Jukova jurnalistlərə müsahibəsində yaradıcılıq və özünü inkişafa həsr olunmuş yeni incəsənət mərkəzi haqqında danışıb: “Mərkəz cəmi üç ay əvvəl açılıb və onun əsas məqsədi insanlara hisslərini kəşf etməkdə yardım etməkdir”.

Onun sözlərinə görə, mərkəzdə bədən tərbiyəsi, yoqa brançları keçirilir. “Mərkəzdə həyata keçirilən digər maraqlı istiqamət isə səslə müalicədir. Müəllim səslə müalicə dərsləri keçirir. Mərkəz haqqında deyiləcək çox şey var, burada sizi ən yaxşı müəllimlər, rəssamlar, ekspertlər və mənəvi mentorlardan ibarət komanda gözləyir”, - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi