Azərbaycan Elm və Təhsil Nazirliyi yanında Yüksək Texnologiyalar Parkı (YTP) Koreyanın neft-kimya sahəsində fəaliyyət göstərən elmi müəssisələri ilə əməkdaşlıq edə bilər.
“Report”un YTP-yə istinadən verdiyi məlumata görə, bu barədə məsələlər Koreyanın İnha Universitetinin nümayəndə heyəti ilə görüşdə müzakirə edilib.
Texnoparkın infrastrukturu ilə tanış olan qonaqlar təcrübə-sınaq laboratoriyasının iş prinsipi və avadanlıqlar haqqında məlumatlandırılıb, onlara YTP-nin əsas rezidentlərindən olan Təcrübə-Sənaye Zavodunun istehsal etdiyi məhsullar təqdim edilib.
Təmsil etdiyi qurum haqqında məlumat verən İnha Universitetinin Tədqiqat və Biznes Fondunun prezidenti Joo Hyung Kim Bakı Mühəndislik Universiteti ilə aparılan əməkdaşlığın əhəmiyyətindən danışıb. Bildirilib ki, müxtəlif sahələr üzrə yüksəkixtisaslı kadrların hazırlanması məqsədilə həyata keçirilən bu proqram çərçivəsində yüzlərlə azərbaycanlı tələbə Koreya Respublikasının təhsil təcrübəsini əldə etmək imkanı qazanıb. Digər ölkələrlə də həyata keçirilən bu kimi ikili diplom proqramlarının önəmindən bəhs edən qonaqlar təhsil, elm və innovasiya sahələrində Koreya-Azərbaycan əməkdaşlığının gələcək inkişafına dair təkliflərini səsləndiriblər.
YTP-nin baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov öncə qonaqlara rəhbərlik etdiyi müəssisənin yaranma tarixi, fəaliyyəti, o cümlədən rezidentlər üçün yaradılan şərait, vergi, gömrük və sığorta güzəştləri ilə bağlı məlumat verib.
Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən görüşdə elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov, İnha Universitetinin Tədqiqat və Biznes Fondunun prezidenti Joo Hyung Kim, həmin universitetin Qlobal Təhsil layihəsi qrupunun dekan müavini, prof. Sang Eun Shim və İnha Universiteti ilə Bakı Mühəndislik Universiteti arasında birgə həyata keçirilən ikili diplom proqramının layihə direktoru Hyunjin Yang iştirak ediblər.