“YouTube” Azərbaycandakı bazar payının 45 %-ni itirib
- 02 iyul, 2025
- 21:01
Bu ilin iyun ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) “Instagram”ın payı 32,07 % (ötən ay 24,17 %, 1 il əvvəl 36,55 % olub) təşkil edib.
“Report”un “Statcounter” agentliyinin iyun hesabatına istinadən verdiyi məlumata görə, bu, may ayına nisbətən 7,9 faiz bəndi çox, bir il əvvəlki göstərici ilə müqayisədə 4,48 faiz bəndi azdır.
İkinci pillədə qərarlaşan “Facebook”un bazar payı ay ərzində 10,89 faiz bəndi, illik isə 1,64 faiz bəndi artaraq 26,08 % (15,19 % və 24,44 %) təşkil edib.
Növbəti yerdəki “YouTube”un bazar payı ay ərzində 16,52 faiz bəndi azalaraq, il ərzində isə 10,67 faiz bəndi artaraq 20,57 % (mayda 37,09 % və bir il öncə 9,9 %) olub. Beləliklə də “YouTube”un bazar payı ötən ay 45 % azalıb.
Dördüncü pillədəki “X”in bazar payı aylıq 2,35 faiz bəndi, illik müqayisədə isə 4,02 faiz bəndi artaraq 9,68 % təşkil edib (mayda 7,33 % və bir il öncə 5,66 % olub).
İlk beşliyi 6,98 %-lik (10,9 % və 18,28 %) bazar payı ilə “Pinterest” qapayır. Sosial şəbəkənin bazar payı aylıq 3,92 faiz bəndi, illik müqayisədə isə 11,3 faiz bəndi azalıb.