2023-cü ildə Azərbaycan əhalisinin 86 %-i internetdən istifadə edib və hər 100 nəfərə düşən sabit genişzolaqlı internet istifadəçilərinin sayı 20 təşkil edib.
“Report” xəbər verir ki, bu barədə Dünya Bankının hesabatında bildirilib.
Hesabata əsasən, ötən il Azərbaycanda unikal yazılış əsasında mobil internet abunələrinin sayı 64 %, adambaşına düşən aylıq mobil genişzolaqlı trafik isə 2,3 giqabayt təşkil edib.
2021-ci ilin məlumatına görə, ölkədə 15 yaşdan yuxarı əhalinin 43 %-i rəqəmsal ödənişlər edib və qəbul edib.
Bununla da, Azərbaycan BMT-nin elektron hökumət indeksində 0,69 bal toplayıb.
“Bir sıra yuxarı orta gəlirli ölkələr pandemiyadan sonra İT xidmətlərinin ixracında böyük artım əldə edib. Bu ölkələrin 10-dan 6-sı Avropa və Mərkəzi Asiya regionunda yerləşir. Bu ölkələr 2019-2022-ci illər ərzində İT xidmətlərin ixracını 30-130 % aralığında artırıb”, - hesabatda qeyd edilib.