Türk Dövlətləri Təşkilatı (TDT) ilə kosmik sahədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin ("Azərkosmos") də yer aldığı layihələrimiz var.
Bunu “Report”a açıqlamasında Türkiyənin Kosmik Agentliyinin İdarə Heyətinin sədri Serdar Hüseyn Yıldırım deyib.
O bildirib ki, Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi (IAC) dünyanın ən önəmli və ən etibarlı tədbiridir: "Azərbaycanın buradakı təcrübəsini öyrənmək istəyirik. Qardaş ölkədə keçirildiyi üçün Konqresə böyük komanda ilə qatıldıq. 2026-cı ildə bu tədbirin Türkiyədə keçirilməsi üçün namizədliyimizi vermişik. Amma deyə bilərəm ki, Bakının bu möhtəşəm tədbirə ev sahibliyini biz də öz uğurumuz hesab edirik. Bu gün keçirilən səsvermədə Polşanın da proqramı güclü idi. Amma biz daha üstün olduq və 2026-cı ildə Beynəlxalq Astronavtika Konqresini Antalyada keçirəcəyik. Təbii ki, çox xoşbəxtik və bu istiqamətdə çox zəhmət çəkdik. Hətta Prezident Rəcəb Tayyib Ərdoğan da bu məsələ ilə maraqlanmağa başladı, dəstək göstərdi. Artıq gələn həftədən etibarən hazırlıqlara başlayacağıq. Burada toplantı çox uğurlu keçdi, biz də uğurlu iş ortaya qoymaq istəyirik”.
Agentliyinin sədri qeyd edib ki, Türkiyədən kosmosa ilk dəfə astronavt göndərilir və bu, ölkə üçün böyük əhəmiyyət daşıyır: "Seçimlər çox çətin keçdi, çünki müraciətlər həddən artıq çox idi. Yekunda Alper Gezeravcı və Tuva Cahangir Atasevər seçildi. Onlar da bu Konqresə qatıldılar. Tuvanın azərbaycanəsilli olması isə başqa xoş təsadüf oldu. Demək olar təlimləri bitmək üzrədir. Təxminən 3 ay sonra Alper Beynəlxalq Kosmik Stansiyaya, Tuva isə suborbital uçuş həyata keçirəcək. Bununla da hər ikisi astronavt adını qazanacaq. Sonra daha böyük layihələrə imza atacağıq".
S. Yıldırım əlavə edib ki, 2026-cı ilə qədər Türkiyənin Aya missiyası var: "Astronavtların kimliyi hələ bilinmir. Amma 2026-cı ilə qədər Türkiyənin Aya uçuşu olmalıdır və həmin uçuş vasitəsinin maketi bizim stendimizdə Konqres iştirakçılarına nümayiş olundu. Bunu reallaşdırdıqdan təxminən 5 il sonra Aya daha yumşaq eniş hədəfləyirik. Beləliklə Türkiyə kosmik sahədə adını daha irəli pillələrə qaldıracaq".