Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin texnoloji startapları üçün ABŞ-ın Silikon Vadisində “Hero" Təlim Proqramına start verilib.
“Report”un Türkiyə Bürosuna bu barədə TDT Baş Katibliyindən verilən məlumatda bildirilib.
Qeyd olunub ki, TDT Baş Katibliyi "Astana Hub" və Draper Universitetinin "My Ventures" tərəfdaş proqramı ilə birgə texnoloji startapları üçün Silikon Vadisində "Hero" Təlim Proqramına start verilməsini çox təqdir edir.
Qeyd olunub ki, bu proqram TDT üzv dövlətlərin startaplarının potensiallarını üzə çıxarmaqda nadir təcrübə qazandıracaq.
“Bu təlim, startapın fəaliyyətini qlobal bazarda sürətlə genişləndirmək üçün Draper Universiteti tərəfindən hazırlanmış eksklüziv sürətləndirmə proqramıdır. Proqramın birinci mərhələsi üçün seçim aprelin 7-də başa çatacaq. Yerlərin sayı məhdud olduğuna görə müraciət edənlər ən yaxşı startaplar siyahısına daxil olmağa cəhd etməlidir. İştirakçılar iki həftəlik onlayn pre-akselerasiya proqramında informasiya texnologiyaları sahəsində dünya liderlərindən dəyərli təcrübə və bilik əldə edəcək", - TDT Baş Katibliyinin məlumatında deyilir.
Bildirilir ki, proqram "Astana Hub" tərəfindən subsidiyalaşdırılır və Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Azərbaycan və Türkiyədən texnoloji startaplar, İT autsorsinq şirkətləri üçün nəzərdə tutulub. Pre-akselerasiya proqramını uğurla keçərək, 20 ən yaxşı startap ikinci mərhələyə buraxılacaq və Silikon Vadisinə yollanacaq. Ən yaxşı 5 startap üçün “My Ventures” tərəfdaş proqramı 30 min ABŞ dollardan başlayan əlavə investisiya imkanları təqdim edəcək.