Bu gün "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalında qalib gəlmiş gənclərlə görüş keçirilib.
"Report"un məlumatına görə, tədbirdə bildirilib ki, Bakıda ilk dəfə keçirilən festivalda iki ölkənin prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirak etməsi qardaşlıq və müttəfiqlik münasibətinin daha bir simvoludur: "“Bir millət, iki dövlət, tək festival” şüarı ilə baş tutmuş tədbir bir çox tarixi məqamlarla yadda qalıb.
“TEKNOFEST" Azərbaycan və Türkiyə gənclərinin nümayiş etdirdikləri birlik, həmrəylik fonunda iki ölkənin münasibətlərinin gələcək inkişafının aydın mənzərəsini yaradıb. Hazırkı dövrdə elmin, yeni texnologiyaların, yeni ideyaların ölkələrin inkişafında rolunu nəzərə alsaq hər bir yeniliyə açıq olan iki qardaş ölkənin gənclərin inkişafına göstərdikləri diqqət təqdir olunur.
Bu gün keçirilən mərasim də məhz belə gənclərə dəstək olmaqdır. Bu gün Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir. Son illər dövlətin gənclərə dəstək və diqqəti Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini daha da artırıb. Gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Bu qüvvəni yalnız yüksək elm və təhsillə, qabiliyyət və bacarıqla reallaşdırmaq mümkündür. “TEKNOFEST” innovativ həllərlə çıxış edən Azərbaycan gəncləri üçün yerli və xarici investorlara yol tapmaq imkanı yaradıb. Festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunması da əsas üstünlüklərdən biri kimi yadda qalıb. Bu baxımdan gənclərin ideya və təklifləri daim ictimai diqqət mərkəzində olmalı, dövlətin və özəl sektorun müvafiq qurumları onlara dəstək verməlidir. Media və ictimai təşkilatlar gənclərin fəaliyyətini işıqlandırmalı, onları daim gündəmdə saxlamalıdır".
Tədbir çərçivəsində "TEKNOFEST Azərbaycan" festivalında qalib gələn və aktiv fəaliyyət göstərən gənclərin bir qrupu təltif olunub.