Tağı Tağı-zadə: "Ucuz kanallarla zəng ötürülməməsi üçün DTX ilə işləyirik" - MÜSAHİBƏ

Tağı Tağı-zadə: "Ucuz kanallarla zəng ötürülməməsi üçün DTX ilə işləyirik" - MÜSAHİBƏ “Azintelecom” MMC-nin direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Tağı Tağı-zadə “Report”a müsahibə verib
İKT
4 İyun , 2021 15:56
Tağı Tağı-zadə: Ucuz kanallarla zəng ötürülməməsi üçün DTX ilə işləyirik - MÜSAHİBƏ
Tağı Tağı-zadə

“Azintelecom” MMC-nin direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Tağı Tağı-zadə “Report”a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Tağı müəllim, son zamanlar dünyada və ölkəmizdə bulud texnologiyalara maraq artıb. Rəhbərlik etdiyiniz “Azintelecom” MMC-nin təqdim etdiyi bir sıra xidmətlər sırasında bulud xidmətləri də mövcuddur. Sizcə bu xidmətlərə tələbatın artmasına səbəb nədir?

- Siz özünüz də yaxşı bilirsiniz bulud texnologiyaları inkişaf edən sahədir. Dolayısı ilə bu gün İKT sahəsi nə qədər inkişaf edirsə bulud texnologiyalarına bir o qədər ehtiyac yaranır. Çünki elektron vasitələrlə baş verənlər haradasa arxivləşdirilməli, yaxud saxlanmalıdır. Əlbəttə bunun üçün də bulud texnologiyaları vacibdir və bu gün də aktualdır. Bu təkcə saxlanc yeri demək deyil, həm də daha ağıllı kompüterlərin, super kompüterlərin mövcud olması, böyük həcmli məlumatların daha tez şəkildə emalına köməklik göstərilməsidir.

Həmçinin istifadə edilən proqram təminatlarının bulud versiyaları daha ucuzdur. Çünki həmin versiyalar istehsalçı şirkətlərə də daha ucuz başa gəlir. Budan əlavə bulud texnologiyasında yerləşdirilən proqram təminatından istifadə daha əlçatandır. Bəzi proqramlar var ki, kiçik və orta sahibkarın onu əldə edib istifadə etməsi kifayət qədər yüksək xərc tələb edə bilər. Amma bulud texnologiyasında təklif olunan proqram təminatlarına rahat inteqrasiya edib özünə lazım olan qədər istifadə edə bilər. Bu kifayət qədər optimal iş rejiminə gətirib çıxarır. Buna misal olaraq mən “Call center” (Çağrı Mərkəzi) xidmətlərini göstərə bilərəm. KOB-ların qarşısında iki seçim var. Onlar ya böyük xərc çəkib proqram təminatı əldə etməlidirlər, ya da bulud həll yollarından istifadə edərək tam olaraq “Call center” xidmətini ala bilərlər. Bu isə həmin xidmətin ucuz və əlçatan olmasına şərait yaradır.

- Bu gün dünyada bulud xidmətləri təşkil edən “Microsoft”, “Amazon” kimi şirkətlər gəlirlərinin artdığını açıqlayıb. Bəs “Azintelecom”un gəlirləri necə dəyişib?

- Sözsüz ki, bu cür inkişafda bulud xidmətlərinə olan tələb də artır və ondan əldə olunacaq gəlir də çoxalır. Bəli, “Microsoft”, “Amazon” kimi şirkətlər böyük gəlirlər əldə edib. Bu həm də ondan asılıdır ki, həmin bulud sistemlərində kimlər öz məlumatlarını yerləşdirirlər. Dolayısı ilə bulud provayderlərinin gəlirləri onun istifadəçilərindən və həmin texnologiyaları nə qədər istifadə etdiklərindən asılıdır. Bu gün onlayn video-konfrans sistemləri, digər proqram təminatları “Amazon” və “Azure”da yerləşdiyi üçün orada olan artımlar da bulud sistemində də paralellik təşkil edir. Onun üçün eyni təsirin bizim bazara olmağını nəzərdə tutsaq bilməliyik ki, pandemiya dövründə elektron xidmətlər bizim bazarda da kifayət qədər artıb. İstər fərdi insanlar, istərsə də biznes subyektləri elektron xidmətlərə getməyin zəruriliyini başa düşdü və öz işlərini o istiqamətdə qurmağa başladılar. Sadəcə hər bir şeyin mərhələli gedişatı var. Öncə 0-dan 1-ə gəlmək lazımdır ki, daha sonra özünü daha da inkişaf etdirəsən. Güman ki, bizdəki biznes subyektlər minimum elektronlaşma üzərində işlərini aparırlar, artıq yükləri çoxaldıqdan sonra bulud texnologiyaları ilə bağlı proseslərə də başlayacaqlar.

Bir məlumatı da verim ki, əgər əvvəllər bizneslər fiziki serverlərin alınmasına üstünlük verirdilərsə, artıq Azərbaycanda sahibkarlar öz bizneslərini quranda bulud xidmətlərini nəzərə alırlar. Ölkəmizdə bulud həllərini təklif etməyimiz, proqram təminatlarının sürətli və optimal olması onlara imkan verir ki, məlumatlarını bizdə saxlasınlar.

- Qeyd etdiyiniz kimi bulud texnologiyalarına tələb artır. “Azintelecom” bazarda üstünlüyü ələ almaq və ən azından potensial yerli müştəriləri qazanmaq üçün hansı yeniliklər etməyə hazırlaşır?

- Biz də “Azintelecom” olaraq bu sahənin inkişafını nəzərə alırıq və öz xidmət sahəmizi genişləndirməyə başlamışıq. Hazırda əsasən korporativ tipli müştərilərimiz üstünlük təşkil edir. Öz yeni məhsulumuz olan “AZCLOUD” buludumuz üzərindən ictimai xidmətləri (public services) bazara təqdim etməyə hazırlaşırıq. Artıq test rejimləri bitir və növbəti həftələrdə geniş istifadəyə veriləcək. Həmin məhsulun əsas hədəf qrupu kiçik və orta sahibkarlardır. Müştəri “Amazon” yaxud “Azure”da hansı təcrübəni yaşayırsa “AZCLOUD” “public services”də həmin təcrübəni yaşayacaq. Yəni bura daxil olaraq öz resurslarını formalaşdıracaq, ödənişini həyata keçirəcək. Həmçinin onlar “Pay as you go” yəni “İstifadə etdiyin qədər ödə” modelindən də istifadə etmək imkanı əldə edəcəklər.

Bir sözlə ehtiyacı artdıqda əlavə xidmətlər götürüb ödənişini edəcək. Bu isə “freelancer”lər, startap, KOB-lar və fərdi işləyənlər üçün önəmlidir. Biz qiymət siyasətimizdə də kifayət qədər güzəştlər nəzərdə tutmuşuq. Bura istər ilkin qoşulanlara ödənişsiz resursların verilməsi, istərsə də xüsusi rahat qiymət təkliflərimiz daxildir. Düşünürük ki, bu təkliflərlə onları cəlb edəcəyik və onlar kənardan Azərbaycana qayıdacaqlar. Təbii ki, məlumatların saxlanma yeri yaxın olduqca informasiyaların axını da daha sürətli olur.

- Əgər ötən ilki rəqəmlərə fikir versək görərik ki, Azərbaycan biznes sektoruna xüsusən də banklara kiber hücumların sayı artıb. Bu hücumları xüsusən də 44 günlük vətən müharibəsində şahidi olduq. Bütün bunlar “Azcloud”da da təhlükəsizliyi önəmli edir. Müştərilər üçün bu təhlükəsizliyi necə təmin edəcəksiniz?

- Bilirsiniz ki, “AZCLOUD” “Tier 3” standartlarında işləyir və bu standartın da bəlli bir tələbi var. Normalda təhlükəsizlik anlayışına baxanda iki növ anlayış mövcuddur. Bir buludun öz təhlükəsizliyi, digəri isə buludun daxilindəki məlumatın təhlükəsizliyidir. Qəbul edilmiş beynəlxalq praktikaya görə də DATA mərkəzləri buludun təhlükəsizliyinə cavabdehdir. Amma digər məsələyə qurumun yaxud şəxsin özü cavabdehlik daşıyır. Təhlükəsizlik çox ciddi məsələdir. Bu səbəbdən də ən yüksək təhlükəsizlik standartlarına cavab verməyə çalışırıq. Həmçinin növbəti həftələrdən Yevlaxda yerləşən ehtiyat DATA mərkəzimiz də fəaliyyətə başlayacaq. Bu da bizim əlavə bir üstünlüyümüzdür.

Müharibə dövründə edilən hücumlara fikir versək görərik ki, bunlar əsasən “fishing”lərdir. Bu isə hər hansı kritik informasiya əldə edilməsi ilə bağlı hücum deyil fərdi məlumatlara yönəlmiş hücumlar idi. Yəni həmin fakt qarşı tərəfin də əslində professional və hədəfli hücumlar etmədiyini göstərir.

Sistemli hücumlara hazır olmaq günümüzün tələbidir və bizim elə bir seçimimiz yoxdur ki, növbəti illər üçün təkmilləşdirəcəyimizi deyək. Bu gün ən təkmil nədirsə onu da tətbiq edib maksimum qorunmağa çalışırıq. Bilirsiniz ki, bunun üçün dövlətin digər qurumları var və onlar da üzərlərinə düşən işi öhdəsindən gəlməyə çalışırlar. Biz də bu sahədə onlarla əməkdaşlıq edirik.

- Bu gün “AZCLOUD” üzərindən neçə müştəriyə xidmət göstərirsiniz?

- Hazırda “AZCLOUD Korporativ Həllər” üzərindən 96 müştəriyə xidmət göstəririk. Qarşıdakı günlərdə bu siyahıya yeniləri də əlavə olunacaq. Qeyd etdiyim kimi biz “AZCLOUD” ictimai xidmətlər və “AZCLOUD Scale up” proqramına start vermişik. Hansı ki, kiçik və orta sahibkarları hədəf götürürük. Onların da test hissəsi başlayıb və işlər mərhələli şəkildə həyata keçirilir.

= Pandemiya “Microsoft Teams”, “Webex” və “Zoom” kimi video-konfrans proqramların əhəmiyyətini artırdı. Necə düşünürsüz, Azərbaycanda belə bir milli proqrama ehtiyacı varmı?

- Qeyd etdiyim “AZCLOUD Scale Up” proqramı startaplar üçün nəzərdə tutulub. Özünüz bilirsiniz ki, onlara layihələrini həyata keçirmək üçün resurslar lazımdır və biz də bu resursları əldə etməkdə onlara kömək etməyə çalışırıq.

Bu layihələrə həm də video-konfrans proqramları daxildir. Hətta bununla bağlı bizə müraciətlər də daxil olur. Biz bütün təkliflərə açığıq. Onlar öz məhsullarını bizim resurslara yerləşdirib test də edə bilərlər. “Azintelecom” olaraq bu növ fəaliyyətləri dəstəkləyirik və maraqlıyıq ki, bu növ xidmətlər daha da artsın.

Amma məni şəxsi fikrimə gəlincə, düşünürəm ki, bazarı araşdırmaq lazımdır. Baxmaq lazımdır ki, mövcud proqram təminatları nəyi doldura bilmir, hansı boşluqlar var. Əsas özəlliyimiz yerli həll yolu olmasıdır. Həmçinin təhlükəsizlik məsələləri qaldırıla bilər. Sadəcə bütün bunlar zamana bağlı məsələlərdir.

Azərbaycanda belə bir proqram təminatı istifadəyə vermək istəyənlər öz rəqiblərini tanımalıdırlar. “Microsoft”un Azərbaycan Təhsil Nazirliyi ilə uğurlu təcrübəsi var və onlar da fəxrlə dünyaya elan edirlər ki, “Microsoft Teams” vasitəsi ilə təxminən 1 milyon tələbəyə dərs keçirilib. Bu ciddi məlumatdır.

Bir məsələni də qeyd edim ki, indi bazara girmək daha rahatdır, amma xərclər çoxdur. Amma əvvəllər xərclər az olsa da bazara girmək çətin idi.

Bir ara hökumətdə dövlət qurumlarının vahid elektron poçt sisteminin qurulması ilə bağlı müzakirələr aparılırdı. Bu proseslərə “Azintelecom”un hansısa dəstəyi mümkündürmü?

Cənab prezidentin təsdiqlədiyi “vahid hökumət buludu” layihəsi çərçivəsində qurumlarda dövlət xidmətlərinin bir-birinə inteqrasiyası, xərclərin optimallaşdırılması, avadanlıqların standartlarının formalaşdırılmasını həyata keçirməyi düşünürük. Biz bu layihəni bu il ərzində icra etməyi planlaşdırırıq. “AZCLOUD”un müştərilərindən bir hissəsi dövlət qurumlarıdır və biz onlara xidmət göstəririk. Növbəti hədəfimiz 161 dövlət qurumunun hamısını bura keçirmək, onlara gündəlik bulud xidmətləri ilə yanaşı əlavə dəyər xidmətlərinin də göstərilməsini təmin etməkdir. Bu təhlükəsizlik üzrə, data emalı üzrə və başqa xidmətlər ola bilər. Ola bilər hansısa qurum mövcud elektron post sistemini bəyənməsin və daxili istifadə üçün yenisini istəsin, biz bu xidməti də təklif edə bilərik. Yəni planımız odur ki, “Marketpleys” (bazarda yer) yaradaq və mövcud olan xidmətlərimizi orada yerləşdirək.

- “Azintelecom”un əsas vəzifələrindən biri də beynəlxalq səs trafikinin mübadiləsinin təşkili ilə bağlıdır. Son zamanlar “Sim Box” adlanan sistem vasitəsilə vətəndaşlarımıza müxtəlif nömrələrdən zənglər gəlir. Sizə də şikayətlər daxil olurmu və ümumiyyətlə belə zəngləri hücum hesab etmək olarmı?

- Bu hansısa hücum deyil, sadəcə ucuz kanallar vasitəsi ilə zənglərin ötürülməsi məsələsidir. Əsasən xarici vətəndaşlar ucuz kanallar vasitəsi ilə gələn trafiki ötürürlər. Belə olan hallarda isə keyfiyyət azalır və fərqli nömrələrdən zənglər gəlir. Burada hətta biz Dövlət Təhlükəsizlik Xidməti (DTX) ilə də əməkdaşlıq edirik. Səhv etmirəmsə əvvəllər bu fəaliyyətlə məşğul olmaqla bağlı cəza İnzibati Xətalar Məcəlləsinə əsasən müəyyən edilirdi, amma indi Cinayət məcəlləsi ilə tənzimlənir. 2019-cu ildə bu fəaliyyətlə məşğul olanların 6 cinayət işinə baxılıb. Bəzi şəxslər cinayət məsuliyyətinə cəlb edilib, bir qismi isə cərimələniblər və nəticədə ödənişləri bizə geri qaytarıblar.

Qeyd edim ki, beynəlxalq səs trafikində məsələlər dəyişib. Niyə? Çünki internet ortaya çıxıb və artıq insanlar internet üzərindən zənglərini edirlər, nəyinki, səs kanalları vasitəsi ilə. Həm müəyyən uğurlu əməliyyatlar keçirilməsi, həm də maraqların azalması səbəbindən bu tipli ucuz kanallar vasitəsi ilə zənglərin ötürülməsi qaydası demək olar ki, dayanıb. Pandemiya səbəbindən səyahətlərin kəskin azalması da bu sahədəki göstəricilərin də aşağı düşməsinə səbəb olub. Hazırda ucuz kanallar vasitəsi ilə zənglərin ötürülməsinin qarşısının alınması üçün hüquq-mühafizə orqanları ilə yanaşı mobil operatorlarla da işlər görürük.

- “Azintelecom” həm də “Azercell Telekom” MMC-nin səhmdarıdır. Hazırda pay bölgüsü necədir?

- Biz Azərbaycan Respublikası adından çıxış edirik və şirkətdə 100 % paya malikik. Dolayısı ilə “Azintelecom” tək səhmdardır.

- Beynəlxalq səs trafikinin mübadiləsini həyata keçirən şirkətin “Azercell”in sahibi olması ölkənin digər mobil operatorlarının ədalətli rəqabət mühitində fəaliyyət göstərməsinə mane olmur?

- Xeyr, biz “Azercell”ə hər hansı xüsusi üstünlüyün verildiyini hesab etmirik. Ölkənin mobil operatorları ədalətli rəqabət mühitində fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi