"MiniBoss Business School Baku"nun təşkilatçılığı, "Kapital Bank"ın dəstəyi ilə 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında keçirilən sahibkarlıq üzrə "Startap Forumu-2024"də biri-birindən maraqlı layihələr təqdim olunub
"Report" xəbər verir ki, 17 komanda tərəfindən təqdim olunan layihələr münsiflər heyəti və qonaqlar tərəfindən maraqla qarşılanıb.
İlk təqdim olunan "Sketchio" layihəsi uşaqların çəkdiyi rəsmləri oyuncaqlara çevirən startapdır. "Sketchio" ilk olaraq eskizləri 3D təsvirlərə çevirir və daha sonra onların oyuncaqları hazırlanır.
"Lumeni" layihəsi avtomobillər üçün hava təmizləyiciləri brendidir. Bu dəbli aksessuarda yerli məhsullardan ilhamlanmış xüsusi qoxu var. Unudulmaz və göz oxşayan dizaynı ilə nəqliyyat vasitələri üçün lüks ətir kimidir.
"Explore Azerbaijan" layihəsi Azərbaycan mədəniyyətinə və irsinə maraqlı səyahəti nəzərdə tutan startapdır.
Maraqlı layihələrdən olan "Dill Buzz"un məqsədi məşhur xarici uşaq şoularını, cizgi filmlərini və yaxud animasiyaları yerli dilə çevirmək və media platformalarında yaymaqla azərbaycanlı uşaqlar üçün daha əlçatan etməkdir.
"Cashy" layihəsi yeniyetmələri gələcək məqsədləri və xəyalları üçün pula qənaət etməyə təşviq edir, gənclərin maliyyəyə qənaətini planlayır. Planlamaya hədəf zərfləri, motivasiyaedici sitatlar, maliyyə məsləhətləri və xərcləri izləmə imkanları daxildir.
Special "Me" uşaqlar üçün çağırışlar təqdim etmək məqsədi daşıyan layihədir. Çağırışlar uşaqların fərdi inkişafını, inklüziv mühitdən həzz almalarını təşviq edir.
"Flash skateboard" əl işi dizaynları ilə seçilən unikal skeytbordların istehsalı üzrə ixtisaslaşan layihədir.
"Khari Touch" Azərbaycanın dilbər guşəsi olan Qarabağa məxsus Xarı Bülbül çiçəyinin qoxusuna bənzəyən, yerli istehsal olan, şərqdən ilhamlanmış əl təmizləyicisidir.
"Imagicubes" təxəyyülü inkişaf etdirmək və hekayə danışmaq bacarıqlarını inkişaf etdirməyi hədəfləyən bir oyundur. Layihə müxtəlif hekayə detallarının birləşdirilməsi əsasında məhdud vaxtda hekayələr yaratmağı və danışmağı öyrədir.
"Chaykhor" kənd yerlərində yaşayan qadın sahibkarların çay və bal satışını təmin etməklə davamlı gəlir əldə etmələrinə dəstək olmaqla, həm də yerli məhsullardan istifadəni təşviq edir.
"Connect & Care" layihəsi ailədaxili münasibətləri gücləndirmək, açıq ünsiyyəti təşviq etmək və birlikdə keçirilən vaxtı səmərəli şəkildə artırmaq məqsədi daşıyan, valideynlər və uşaqlar üçün düşündürücü kart oyunudur.
"Memory book" layihəsi səyahətin ən yaddaqalan anlarını əbədiləşdirmək üçün imkanlar yaradır.
"LinguaPlay" azərbaycandilli uşaqlar üçün nəzərdə tutulmuş innovativ dil öyrənmə vasitəsidir və yeni dili effektiv şəkildə öyrənməyi hədəfləyir.
"Cultstick" əsasən yerli mədəniyyətə - kino, musiqi, tarix, yemək, memarlıq, ədəbiyyat və sairəyə yönəlmiş geyim, ayaqqabı, aksesuar və şəxsi əşyalar üçün stikerlər toplusudur. Bu layihə Azərbaycan mədəniyyətindən ilhamlanır və onu yaxşı tanımağa, dəbli aksesuar kimi istifadəsinə çalışır.
"Az-Bathty" təbii yerli məhsullardan hazırlanmış SPA və dəriyə qulluq dəstidir və Azərbaycanın hamam mədəniyyətini təbliğ etmək məqsədi daşıyır.
"Ecoleaf" xüsusi kağızlardan hazırlanın dəftərlərin istehsalını nəzərdə tutur.
Son olaraq "Meyvali" meyvə ağaclarının yetişdirilməsinə yönələn, unikal hədiyyələr təqdim etmək məqsədi daşıyan layihədir. Hər bir ağacın sahibinin məlumatlarını və ağacın dəqiq yerini göstərən sertifikatı olur. Bu məlumatları isə "Google Xəritə"də tapmaq imkanı yaradır. Bu ağaclardan meyvələr yığılıraq sahiblərinə göndərilir.