Səhranı cənnətə çevirənlər - REPORTAJ

Səhranı cənnətə çevirənlər - REPORTAJ Xəbər verdiyimiz kimi, bu il yanvarın 28-30-da İsrailin paytaxtı Təl-Əvivdə CyberTech Global 2020 sərgi və konfransı keçirilib. Dünya üzrə 20 mindən çox insanın qatıldığı bu tədbir çərçivəsində İsraili gəzmək və bu ölkənin innovasiya, təhlükəsizlik sahələrinə verdiyi töhfələri əyani görmək mümkün oldu.
İKT
27 Fevral , 2020 10:04
Səhranı cənnətə çevirənlər - REPORTAJ

Xəbər verdiyimiz kimi, bu il yanvarın 28-30-da İsrailin paytaxtı Təl-Əvivdə "CyberTech Global 2020" sərgi və konfransı keçirilib. Dünya üzrə 20 mindən çox insanın qatıldığı bu tədbir çərçivəsində İsraili gəzmək və bu ölkənin innovasiya, təhlükəsizlik sahələrinə verdiyi töhfələri əyani görmək mümkün oldu.

İnnovasiya ilə təbiətin ahəngi

Şəhərlə ilk tanışlığımız hava limanından başladı. Təl-Əvivin “Ben Gurion” Aeroportunda qaldığımız otelə 25 dəqiqəyə gəlib çatdıq. Elan lövhələrindən yollar müəyyən qədər Bakını xatırladırdı. Dirəklərdə 1 gün öncə bitmiş hansısa idman yarışının və bir neçə gün başlayacaq məlum konfransın elanları asılmışdı. Bakı ilə Təl-Əvivi bir məqam fərqləndirir. Bu da şəhərin Azərbaycan paytaxtına nisbətən ağaclarla daha çox əhatə olunmasıdır. Bakıdan fərqli olaraq, iki əks yolu bir-birindən daş və ya dəmir barmaqlıqlar deyil, ağaclar ayırır. Hətta bu təbiətə vurğunluğu Qüds, Berşeva (Be'er Sheva) kimi şəhərlərdə də görmək mümkündür. Nümayəndə heyətimizdə təmsil olunan digər ölkələrdən olan jurnalistlər də etiraf etirdilər ki, yəhudilər qısa müddətdə ölkəni səhralıqdan cənnətə çevirməyi bacarıblar.

Sürücümüz nailiyyətlərdən danışırdı və həmin yaşıllığı da innovativ yanaşma əsasında ərsəyə gətirdiklərini deyirdi. İlk dəfə idi ki, İKT-nin inkişafının vətəndaşlara belə sərbəstlik gətirdiyinin şahidi oldum. Demək olar ki, bütün ölkədə sürücülər “Waze” proqramını istifadə edir. Hətta onun İsrailin uğurlu startaplarından olduğunu fəxrlə deyirdilər.

Şəhərin xüsusi bir məhəlləsi var ki, burada startaplar yerləşir. Təsəvvür edin, küçənin bir tərəfində səfirlik binaları, digər tərəfində isə özünə investor axtaran yeni bizneslər yerləşir.

Ölkənin ən uğurlu startaplarından olan “Wework” və “Monday.com”un isə loqolarını şəhərin müxtəlif hissələrində görmək mümkündür.

Təl-Əvivdə olduğumuz müddətdə bir çox biznes dairələri bizi qonaq etdi. Bütün bu dəvətlərdə bir daha əmin oldum ki, onların Azərbaycana xüsusi münasibəti var. Hətta illik gəliri 100 mln dollardan çox olan “Checkmarx” şirkətinin ofisinə daxil olanda bir maraqlı hadisənin şahidi oldum. Şirkətin meneceri bizi qarşılayanda soruşdu ki, məndə olan məlumata görə, bizim Azərbaycandan da qonağımız olmalıdır...

Yaxın Şərqin “Silikon Vadisi”

İsrailə səfərimiz çərçivəsində getdiyimiz və maraqlı olan şəhərlərdən biri də Berşeva idi. Ölkənin cənubunda yerləşən və ən böyük 4-cü şəhər olan Berşevanı İsrailin “Silikon vadisi” adlandıra bilərik. Şəhərin yeni infrastrukturu sırf innovativ şirkətlərin cəlbi üçün nəzərdə tutulub. Əgər onların dedikləri kimi olsa, əmin olmaq lazımdır ki, təxminən, 5-6 il sonra İsrail dünyanın ən böyük gücünə çevriləcək.

Berşevaya səfər çərçivəsində bu şəhərdəki Yüksək Texnologiyalar Parkında yaradılan CERT-də (Cyber Emergency Response Team) də olduq. İsrailin Milli Kiber Direktoriyasının (Israel National Cyber Directorate - INCD) bir hissəsi olan CERT-də kiber hücumlar və onların əhatə dairəsi haqqında məlumatlar toplanır. Burada dünyanın ilk kibertəhlükəsizlik üzrə qaynar xətti də yaradılıb. 119 saylı qaynar xətt vasitəsilə vətəndaşların, şirkətlərin bütün sualları cavablandırılır və onlara yardım göstərilir. Bu vaxta qədər CERT-ə 4 milyard ABŞ dollarına yaxın investisiya qoyulduğu deyilir.

Azərbaycan kimi İsrail də startap-lar üçün xüsusi vergi güzəştləri nəzərdə tutub. Digər şirkətlərdən fərqli olaraq həmin yeni bizneslərdən yalnız 5% vergi tutulur.

Məlumata görə, bu ölkədə 8 400 aktiv şirkət var və hər il ortalama 1 000 yeni startap yaranır. Dünyanın 13 böyük şirkəti məhz bu balaca Yaxın Şərq ölkəsinə məxsusdur.

“Bloomberg Innovation Index”ə görə, ötən il İsrail innovativ ölkələr sırasında 6-cı olub.

Yüksək texnologiyaların inkişafına önəm verən İsraildə işləyənlərin 9%-i, ÜDM-in 13%-i və ixracın isə 46%-i məhz bu sektorun payına düşür. Özləri də etiraf edirlər ki, onlar daha çox təhlükəsizlik və kənd təsərrüfatı ilə bağlı texnologiyanın inkişafına üstünlük verirlər. Hətta Afrika ölkələrindən olan jurnalistlərin birinin “Sizin neft-qaz sektorunda hər hansı nailiyyətiniz varmı?” sualına İsrail Xarici İşlər Nazirliyinin nümayəndəsinin cavab konkret oldu: "Biz təmiz enerji sahəsində texnologiyanın inkişafında maraqlıyıq".

Bundan əlavə, bu ölkədə maliyyə texnologiyaları (FinTech), Süni intellekt (AI), rəqəmsal səhiyyə, əşyaların interneti (IoT) və avtomobil sektorunu əhatə edən yüzlərlə klasterlər yaradılıb. Təkcə 2008-2018-ci illərdə avtomobil sektoru üzrə qoyulan sərmayənin həcmi 4,64 milyard ABŞ dolları civarında olub.

Dinlərin qovuşduğu şəhər – Qüds

İsrail səfəri zamanı bir günümüzü Qüdsə ayırdıq. Ən böyük arzularımdan biri olan bu müqəddəs şəhərə ayaq basmaq və tarixi-dini yerləri ziyarət etmək maraqlı idi. Amma burada gördüklərimiz heç də ürəyimizcə olmadı. Təəssüf ki, dünyanın bir çox yerlərində olduğu kimi, Qüdsdə də erməni təbliğatı öz işini görür. Belə ki, şəhərin tarixi hissəsinin ən böyük küçəsi Ararat adlandırılır. Küçələrdə yerləşən tarixi məhsullar satılan dükanların əksəriyyətində isə qondarma erməni soyqırımına aid bildirişlər asılıb.

Qüdslə bağlı pozitiv məqamlara gəldikdə isə burada iki məhəllə var. Onlardan biri yəhudilərin, digəri isə müsəlmanların alış-veriş etdiyi məhəllələrdir. Bir-biri ilə paralel və yaxın olmasına baxmayaraq kifayət qədər fərqli məhəllələrdir.

Şəhərin ən əhəmiyyətli və əsas hissəsi isə bəzilərinin “müqəddəs divar”, bəzilərinin isə “Qərb divarı” adlandırdığı hissədir. Məhz divarlarla əhatələnmiş yerin mərkəzində islam üçün əhəmiyyətə malik Əl-Əqsa məscidi yerləşir. Biz orda olduğumuz vaxt bildirdilər ki, həmin gün turistlər Əl-Əqsa məscidinə gedə bilməz. Amma aramızda müsəlmanların olduğunu biləndə bunun bizə aid olmadığını söylədilər. Bir sözlə, əyani şahidi olduq ki, burada bütün dinlərə bərabər şərait yaradılıb və Qüds həqiqətən də dinlərin qovuşduğu məkandır.

Son xəbərlər

Orphus sistemi